19 Avqust 2020 13:26
3 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasları aktyor, videobloger Ərtoğrul Kamalovun hazırladığı videolarla daha böyük marağa səbəb olub. Ötən həftə baş tutan brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyevin sözügedən videoblogeri görüşə dəvət etməsi diqqət çəkdi.

Prezidentin köməkçiləri Hikmət Hacıyev və Şahmar Mövsümovla görüşən Ərtoğrul Kamalov baş tutan görüş barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Dünən Prezidentin köməkçiləri Hikmət Hacıyev və Şahmar Mövsümovla görüşdünüz. Görüş necə keçdi?

- Görüş çox uğurlu oldu. Yüksək vəzifədə çalışan insanların bu cür səmimi, rahat şəkildə vətəndaşla belə sadə görüşünün baş tutacağına inanmırdım. Hikmət Hacıyev və Şahmar Mövsümov haqqında eşitmişdim, mənə çox demişdilər ki, gəncliyə dəyər verən şəxslərdir. Onlarla görüşdə bir daha bunun şahidi oldum. Ümumilikdə görüş çox yaxşı keçdi, mənə uğurlar arzuladılar. Məndən yeni işlər gözləyəcəklərini dedilər.

- Videolarda toxunacağınız mövzular haqqında təkliflər oldumu?

- Hikmət Hacıyev və Şahmar Mövsümov videoları izləyib çox bəyəndiklərini qeyd etdilər. Eynilə bu cür davam etməyimi istədilər. Hansısa təklif etmədilər ki, məhz belə bir video hazırlayım. Əksinə qeyd etdilər ki, azad yaradıcılıqdır, uğurlar arzulayırıq. Görüş 1 saata yaxın davam etdi. Həqiqətən bu qədər vaxt ayırmaları mənim üçün çox qürurverici hissdir.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda dublajla məşğulam. Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Dağıstanda Azərbaycan Teatrında baş rejissor işləmişəm, Akademik Milli Dram Teatrı və Yuğ Dövlət Teatrında uzun müddət çalışmışam. Hazırda başqa işim yoxdur.

- Videoları nə qədər müddətə hazırlayırsınız? Filmləri necə seçirsiniz?

- Filmlərin seçimi bir gün vaxtımı alır. Çünki mən filmləri izləyib, diqqətlə seçirəm, hansı hissə uyğun gələ bilər, hansını istifadə edə bilərəm. Ssenarini yazmaq bir neçə saat vaxt alır. Evdə telefon vasitəsilə səsləndirirəm. Videoların səsləndirilməsi 3-4 saat vaxt aparır. Ümumilikdə bir videonun başa gəlməsi 2 gün vaxt tələb edir.

- Başqa hansı məmurları hədəf seçəcəksiniz?

- Əslində burada məqsəd o deyil ki, hansısa məmuru hədəf seçək. Sadəcə olaraq cəmiyyətdə olan tənqidi məsələləri yumorla göstərmişəm. Paralel olaraq Operativ Qərargahla bağlı olan materiallar hazırlamışam. Bu da yumor olduğuna görə cəmiyyətdə insanlar arasında yumşalmaya gətirib çıxardı. Operativ Qərargahın qərarları, brifinqlər, karantin müddətinin uzanması səbəbilə insanlarda gərginlik var idi. Amma bu videolar onların gərginliyini azaltdı, onlarda bu qərarlara daha isti münasibət formalaşdırdı. Hər şeyə yumorla yanaşdıqda, insana daha çox təsir etmək mümkündür. Sadə misal deyim, orta məktəbdə müəllim dərsi çox ciddi izah edəndə yadımızda qalmırdı. Dərsə zarafat qatanda o zaman yadımızda qalırdı. Eyni halı da burada müşahidə etdik, yumor olduğu üçün Operativ Qərargahın, brifinqlərin insanlara verdiyi mesajlar daha çox çatdı.

- Tənqid olunan Oqtay Şirəliyev və ya Ramin Bayramlıdan hansısa reaksiya oldu?

- Yox. Nə Ramin Bayramlı, nə də Oqtay Şirəliyev haqlarında səslənən tənqidlərlə bağlı özləri tərəfindən heç bir neqativ reaksiya olmadı. Bu, çox sevindirici haldır. Amma məqsəd deyildi ki, birbaşa Oqtay Şirəliyev və yaxud Ramin Bayramlı tənqid olunsun. Sadəcə pandemiya başlayan dövrdən Oqtay Şirəliyevin az görünməsi sosial şəbəkələrdə insanlar tərəfindən qeyd edilirdi. Mən də videolarda bu məqama toxundum. Hər ikisi çox hörmət etdiyim insanlardır. Təbii ki, TƏBİB-in sədri Ramin Bayramlı virus yayılandan işləyir. O, bu müddət ərzində bizim sağlamlığımız üçün gərgin rejimdə çalışdı, əziyyət çəkdi və bu fəaliyyət davam edir. Oqtay Şirəliyev də həmçinin, Səhiyyə naziridir və insanların sağlamlığı onun fəaliyyətindən asılıdır. Buna görə onların mənfi reaksiya verməməsi mənə çox xoş oldu, ruhlandırdı. Xaricdə hansısa vəzifəli şəxs mehriban davrananda onu hər kəs paylaşır. Əgər bizdə də belədirsə, bunu paylaşmaq lazımdır. İnsanlar hər zaman məmurlara qarşı əks fikirlər səsləndirirdilər. Son görünən hadisələr də göstərdi ki, belə bir şey yoxdur.

- Məmurlar haqqında danışdıq. Sizcə, videolarınızın məmurların gələcəkdəki davranışlarına hər hansısa təsiri olacaqmı?

- Qarşıdakı illərdə yeni təyinat alacaq məmurlar izləyib görürlər ki, dövlət tərəfindən nə bəyənilir. Bu yumor hissi ilə olan videoların normal qarşılandığını gördükdən sonra çalışacaqlar ki, öz işlərində səhvlər buraxmasınlar. Amma biz insanıq. Kiçik insanlar kiçik səhvlər edir, onlar böyük. Orada o qədər böyük işlər var ki...

- Operativ Qərargahın iclaslarını, qərarlarını diqqətlə izləyib videolarda da əks etdirirsiniz. Nə üçün insanlar bu qərarlara belə aqressiya ilə yanaşırlar?

- Operativ Qərargah qərar verir. Sosial şəbəkədə insanlar yazırlar ki, yenə karantin uzadıldı, bəs biz necə edək, necə evdə oturaq? Vallah, evdə oturmaqdan mən də yorulmuşam. Amma sağlamlığımız üçün olduğuna görə, biz bunu etməliyik, başqa seçimimiz yoxdur. Deyirlər ki, maska taxmadan qapalı məkanlara daxil olmayın. Mən nə qədər yerdə şahidi oluram, insanlar maska taxmadan gəlirlər. Polis yaxınlaşır, əsəbləşirlər ki, niyə mənə cərimə yazırsan? Axı xəbərdarlıq olunub, qapalı məkanlar açılıb və bura daxil olanda maska taxmaq zəruridir. Maskaların baha olmasını bəhanə edirlər. Maska baha deyil. Restoranlar açılanda, dənizə gedişə icazə veriləndə insan axınının şahidi oldum. Bu, 30 qəpik problemi deyil. Məqsədin, inadın nədir? Nə üçün maskadan istifadə etmirsən? Bəlkə virus daşıyıcısı olub, başqalarını yoluxduracaqsan? Hər kəs maska taxmalıdır ki, həm özünü, həm də başqalarını qorusun. Baxıram, maska əlindədir, amma istifadə etmir, çox qəribə haldır.

- Hər kəsə maraqlıdır, "Operativ Qərargahın qapalı iclası" filmində Hitler obrazı kimə məxsus idi?

- O obrazları konkretləşdirməmişdim. Çünki orada obrazların üzərinə konkret olaraq hər kəsin adı yazılmamışdı. Ondan sonrakı digər videolarda Hikmət Hacıyev, İbrahim Məmmədov, Ramin Bayramlının adını qeyd edirdim. Növbəti videolarda artıq daha çox püxtələşmişdim. Amma o videoda ümumi söhbət getmişdi. Operativ Qərargahın iclasıdır, Hitler obrazı da Operativ Qərargahın rəhbərini təmsil edirdi. Operativ Qərargahın rəhbərinin Baş nazir Əli Əsədov olduğunu bilmirdim. Buna görə də obrazı detallı verməmişdim, təkcə bildiklərimi qeyd etmişdim. Məsələn, filmdə İbrahim Məmmədovu eynəklə bənzətmişdim.

- Operativ Qərargah haqqında videolar davam edəcəkmi?

- Artıq yeni video hazırlayıram, sabah sosial media hesablarımda yerləşdirəcəyəm. Elə Operativ Qərargahla bağlı olacaq. Pandemiya dövrü bitənə qədər Operativ Qərargahın bütün verdiyi qərarlarla bağlı videolar hazırlayacam.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər