Cənab Prezident İlham Əliyev koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deyib.
O bildirib ki, görülən tədbirlər ölkəmizdə insan sağlamlığına diqqəti göstərir:
“Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır. Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminin tələblərinə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın”.