Hələ koronavirus pandemiyası təzə başlayan ərəfədə virusun səthlər üzərində qalması, yeyinti məhsulları vasitəsilə orqanizmə keçmə təhlükəsi hər kəsi təşvişə salan məsələlərdən idi. Son məlumata görə, Rusiyadan Çinə idxal olunan yeyinti məhsullarında koronavirus aşkarlanıb. Maraqlıdır, belə halların baş verməməsi üçün ölkəmizdə hansı işlər görülür? Vəziyyət nə yerdədir?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb.
- Eyyub müəllim, virusun qida məhsulları vasitəsilə orqanizmə keçmə ehtimalı nə dərəcədə realdır?
- İlk olaraq qeyd edim ki, COVID-19 yeni virus olduğu üçün onun haqqında məlumatlar hələ öyrənilməkdədir. Virusun nəyin üzərində nə qədər qalması barədə xeyli təzadlı informasiyalar var. Xatırlayırsınızsa, ən görkəmli alimlərin belə virusun istidə yox olacağı barədə fikirləri var idi. Lakin məlum oldu ki, yanlış versiyadır. Hesab edirəm ki, virusun ərzaq üzərindən yayılması ehtimalı çox böyükdür.
- İdxal olunan məhsullara nəzarət etmək lazımdırmı? Sizcə, daha çox hansı məhsullara diqqət eləmək vacibdir?
- Nəzərə almaq lazımdır ki, dünyanın bütün ölkələrində COVID-19 virusu var və Azərbaycana da bir çox ölkələrdən mallar, məhsullar idxal olunur.
Hansı ölkədə virus varsa, bütün hallarda ərzaq məhsulları ilə, hətta bişmiş, açıq satılan ərzaqla da çox ehtiyatla davranmaq lazımdır. Bu baxımdan Rusiyadan ixrac olunan ərzaqda virusun aşkarlanması xəbərində doğruluq ehtimalı yüksəkdir. Ərzaq istehlakı zamanı mümkün qədər o məhsullara üstünlük vermək lazımdır ki, onlar termik emaldan keçsin. Məsələn, ət, yaxud balıq kimi məhsulların termik emaldan keçməsi virusu zərərsizləşdirə bilər.
- Yerli bazarlarda buna nəzarət necədir? Qaydalara əməl olunurmu?
- Bazarlarda satılan meyvə-tərəvəzin də böyük təhlükəsi ola bilər. 17-20 sentyabr tarixlərində respublikanın qərb rayonlarında yerləşən bazarlarda monitorinq apardım. 3 gün ərzində Gədəbəy bazarında bir nəfər də maskadan istifadə edən şəxs görmədim. Gəncənin böyük bazarında 200 nəfərdən cəmi 24 nəfərində maska var idi.
Sözügedən rayonlarda fəaliyyət göstərən avtobuslarda maska taxan insan ümumiyyətlə yox idi. Demək istədiyim odur ki, satıcılar belə virus daşıyıcısı ola bilərlər. Virus göyərti, meyvə vasitəsilə digər insanlara keçə bilər. Gərək insanlar satılan məhsullara toxunub, ağızlarına, burunlarına əl vurmasınlar. Virus burun dəliyi ilə daha çox yayılır. Ən əsası isə alınan məhsulların üzərində su axıtsınlar.
- Qaydalara əməl olunmasına vətəndaşların marağı necədir? Azad İstehlakçılar Birliyinə şikayətlər daxil olurmu?
- Qaydalara riayət olunmaması ilə bağlı bizə xeyli şikayətlər daxil olur. Bayaq haqqında danışdığım monitorinqi də şikayətlər əsasında apardım. Məsələn, ötən gün şikayət gəlmişdi ki, 46 və 49 nömrəli avtobuslarda əhalinin böyük hissəsi maskasızdır. Yaxud əhalinin böyük hissəsi çimərliklərdə sanitar-gigiyena qaydalarına əməl etmir kimi şikayətlər var.
Bayaq adını çəkdiyim yerlərdə də monitorinqlər apardıq, vəziyyətin qənaətbəxş olmadığını gördük.