Hepatit B virusu qan ve cinsi yolla bir insandan digərinə yoluxur. Əksər hallarda səssizcə qaraciyər serrozuna səbəb olur. Çünki hepatit B zamanı rast gəlinən halsızlıq, iştahsızlıq, ürəkbulanma, həzmsizlik, tərləmə, köp və sair kimi elementlər bir çox xəstəliklərdə olduğu üçün pasiyentlər hepatitdən şübhələnmir və həkimə müraciət etmirlər.
Bunu Teleqraf.com-a açıqlamasında həkim infeksionist Vüsalə Yaşar deyib. Onun sözlərinə görə, Hepatit B virusuna yoluxma zamanı xəstələr həkim məsləhəti olmadan vitaminlər, ferment preparatları, mədə dərmanları içib, vəziyyəti kəskinləşdirirlər:
“Tövsiyəm odur ki, özünüzdə bu halları müşahidə etdikdə özbaşına dərman qəbul etməyin, həkimə müraciət edin. Hepatit B-dən qorunmağın yeganə yolu isə Hepatit B əleyhinə peyvənd olunmaqdır. Peyvend olunub özünüzü və yaxınlarınızı qoruyun. Peyvənd 0:1 və 6 ay şəklində 1.0 ml böyüklərə, 0.5 ml uşaqlara vurulur”.
Vüsalə Yaşar qeyd edib ki, peyvənddən əvvəl mütləq bu analizlər verilməlidir: “HbsAg – xəstədə Hepatit B varmı, yoxmu deyə aşkarlamaq üçün götürülür. Anti HBs – xəstənin daha əvvəl Hepatit B keçirdiyini öyrənir. Anti HBc JgG – xəstədə gizli Hepatit B varmı deyə alınır. Peyvənddən sonra temperatur və sairə kimi əlamətlər olmur. Yalnız vurulan qolda bir gün ağrı ola bilər.
Hepatit B əleyhinə peyvənd hamilələrə də vurula bilər. Peyvənd nə qədər erkən vurulsa, bir o qədər uzunmüddətli, hətta ömürlük immunitet yarana bilir”.