18 Noyabr 2020 16:27
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsil nazirinin də qeyd etdiyi kimi koronavirus səbəbindən ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir, çünki insanların həyatı, sağlamlığı daha vacib məsələdir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün arzuolunandır. Baxmayaraq ki, istər təhsil alanlar və təhsilverənlər, istərsə də valideynlər çoxdan öz istəklərini büruzə verməkdədirlər. Hətta bəzi təhsil müəssisələri və ayrı-ayrı mərkəzlər ənənəvi təhsilə keçməyə cəhd də göstərirlər”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, hələ ki profilaktika və digər zəruri tədbirlərin görülməsi baxımından tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili düzgün və optimal variantdır:

“Bununla belə, bu qərar heç də təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasını inkar etmir. Qərarda da göstərildiyi kimi bu qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər. Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur”.

Nadir İsrafilov bildirib ki, ölkədə bir sıra onlayn platformaların bərpası istiqamətində işlər aparılıb: “Ağır keçən bir ilə yaxın müddətdə təhsilimizin ayaq üstə saxlanılması üçün istər Təhsil Nazirliyi, istərsə də aidiyyəti ı qurumlar tərəfindən bütün mövcud imkanlardan istifadə olunub. Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və əlavə olaraq “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib.

"Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcüməsi aparılıb. Bölgələrdə intenet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber optik intenet çəkilməsi planı var. Noutbukların satınalınması üzrə elan etdiyi açıq tenderə yekun vurub. Nazirliyin müvafiq İdarəsi ilə “BestComp Group” MMC arasında 6 milyon 657 min 147 manat dəyərində müqavilə bağlayıb”.

Ekspert qeyd edib ki, ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir: “Yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Artıq, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir. Bu platformada həmçinin bütün elektron kitablar, videodərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür”.

Nadir İsrafilov hesab edir ki, hər hansı bir ciddi narahatlığa ehtiyac yoxdur və situasiya tam nəzarətdədir: “Əlbətdə vəziyyətlə əlaqədar tələbə və şagirdlərin mənafeyi məsələlərinin gözlənilməsi də nəzərdə tutulur. 2020/2021-ci tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır. Başqa sözlə, şagirdlər bu il sinifdə qalmayacaqlar. Onsuz da pandemiya bitsə belə, hibrid təhsil davam edəcək.

Bu il həmçinin buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsinə qatılacaqlar. Artıq həssas təbəqəyə aid olan 10 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciəti qeydə alınaraq təsdiqlənib”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər