Bu gün dünya bazarında benzinin və digər neft məhsullarının qiymətində dəyişiklik var. Koronavirusa görə, vaksinin geniş istifadəsi ilə əlaqədar gələn il ərzində neft məhsullarının qiymətində novbəti artım ola bilər. Ona görə də Tarif Şurasının qərarını normal hesab edirəm. Çünki biz inkişaf edirik. Hər şey artırsa, dəyişirsə, qiymətlərin də stimullaşdırılması labüddür. Ölkəmizdə son illər əməkhaqqları da artıb. Artıq bu ildən pensiya və müavinətlər, digər ödənişlər artırılacaq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Komitə sədri ekologiyaya münasibətdə son illər yanaşmaların dəyişməsinə diqqət çəkib:
“Müsbət tendensiya müşahidə olunmaqdadır. Ətraf mühiti qorumaq bir növ insanı qorumaq deməkdir. Ona görə də çalışılmalıdır ki, daha keyfiyyətli yanacaqdan istifadə olunsun. Keyfiyyətli məhsulun da qiyməti hər zaman fərqli olur”.
Musa Quliyev ölkədə ümumi istismarda olan dizellə işləyən avtomobillərin texniki göstəricilərini, ətrafa vurduğun ziyanı da şərh edib:
“Həddən artıq istismar edilmiş avtomobillər həm sahiblərinə, həm də ekologiya üçün böyük ziyanlıdır. Bu cür halların nizamlanmasına ehtiyac var. Çünki ekologiyaya zərər vuranlar bunun qarşılığını ödəməlidir. Bu rakursdan yanaşdıqda Tarif Şurasının qərarını normal hesab etmək olur”.
Millət vəkili qiymətlərdə edilən dəyişikliklərin bir o qədər də yüksək olmadığını bildirib:
“20-30 min manata maşın alan adam üçün 10 qəpik elə bir fərq yaratmayacaq. Ümumiyyətlə, qiymətlərin artımı istehsal və istehlakda dinamikliyə səbəb olacaq. Beləliklə daha çox məhsul istehsal olunacaq. Bundan da ümumi bazar faydalanacaq. Ona görə də qiymət artımına birtərəfli baxmalı deyilik. Benzinin, dizelin qiyməti niyə bahalaşdı? - sualı ilə bağlı narahat olmağa ehtiyac yoxdur. Bu, bütün düyada olan bir prosesdir. Hesab edirəm ki, insanların yaşayış şərtlərinə bunun heç bir mənfi təsiri olmayacaq. Çünki biz bu proseslərə öyrəşməliyik. Dünyada heç bir proses sabit qalmır. Hər bir şey mütləq ki dəyişikliyə məruz qalır”.