19 Fevral 2021 09:14
2 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vasif doktor, Azərbaycan səhiyyəsinin durumu sizi qane edirmi?

- Düzünü desəm, tibbin vəziyyəti məni qane etmir. Amma bu, ümumi dəyərləndirmədi. Zənnimcə, Azərbaycandakı tibb ümumdünya standartlarına və xalqımızın ehtiyaclarına cavab vermir. Biz köhnə sovet ittifaqından ayrılmışıq. Bu baxımdan biz hələ mədəni dünyadakı tibbi xidmətə çatmaq istiqamətində irəliləyirik. Fikrimcə, 30 il ərzində daha çox iş görə bilərdik. Bu, təkcə maddi-texniki təchizata yox, tibbi xidmətin verilmə fəlsəfəsinə də aiddi. Bəli, bu temp məni qane etmir.

Özümüzü Britaniya, Almaniya, Amerika bir yana, heç olmasa İsrail və Türkiyə ilə müqayisə edə bilsək, çox yaxşı olar. Post-sovet ölkələrinə gəldikdə, Azərbaycanın vəziyyəti çox yaxşıdır. Qənaətimcə, Azərbaycan tibbi cəhətdən MDB-də ilk üç ölkədən biridir.

Səhiyyə xidməti sahəsində Rusiyanı qabaqlaya bilmişdik, amma Rusiya toparlandı və bizi keçdi. Müəyyən məsələlərdə heç vaxt Rusiyanı önləyə bilmədik, hətta indi də bu ölkədən geri qalırıq. Rusiyada indi də poliklinika, ailə həkimi sistemi və xəstəxanalara göndəriş məsələsi qalır. Ümumi baxanda 12 respublika arasında sanki pis vəziyyətdə deyilik, amma biz Latviya, Litva və Estoniyadan geridə qalırıq. Halbuki onlardan daha varlı ölkəyik.

Yəqin burada müharibə amili də rol oynadı, amma məncə, elə bu qədərini bacardıq, başqa bəhanə axtarmayaq...

- Səhiyyənin gələcəyini necə görürsüz?

- Gələcək normal olacaq... Azərbaycanda xüsusilə səhiyyəyə qarşı bəzən haqlı, bəzən haqsız cığallıq da gördük. Cığallıq isə problem həll etmir.

Azərbaycan xalqında son bir neçə ildə sistemləşdirilmiş tələblər görürəm, sosial sifariş ortaya qoya bildilər. Bu da mütləq öz effektini verəcək. Amma az-çox hörmətə layiq ictimai səhiyyə sisteminin qurulması vaxt alacaq. Azərbaycan səhiyyəsi fərdi olaraq güclüdür, amma ictimai səhiyyəmiz zəifdir.

- Doktor, sizi sosial şəbəkələrdə də izləyirik. Məsələlərə, problemlərə yanaşma tərziniz fərqlidir. Həkim olaraq siyasi, iqtisadi, bəzən sosial problemlərə münasibət bildirməyinizə auditoriyanın reaksiyası necə olur?

- Müxtəlif cür qarşılanır. Mənfi reaksiyalar da görmüşəm, pərəstişkar səviyyəsinə çatan bəyənmələr də... Mən azərbaycanlıyam, müəllim oğluyam. Azərbaycanda böyüyüb təhsil almışam, sonra Türkiyədə təhsilimi davam etdirmişəm. Ölkəmdə övlad böyüdürəm. Bir azərbaycanlı kimi anladığım, düşündüyüm mövzulara fikri bildirmək ixtiyarım var.

Sağ olsunlar, insanlar məni həkim kimi sevirlər, amma eyni zamanda mən bir vətəndaşam. Düşündüyümü söyləyə, hətta səhv də edə bilərəm. Gündəlik həyatda hər şey insanı qane etmir, narahat olduğumuz məqamlar olur. Bəzən bu məqamları bölüşürəm.

Soruşa bilərlər ki, Azərbaycanda dolların məzənnəsi niyə belədir? Yaxud desələr ki, pandemiyada işsiz qalan əhaliyə niyə 500 yox, 190 manat verdilər? Bu məsələlərdə bilmirəm ortaya necə mövqe qoyum?! Populist mövqe də ortaya qoyub, “190 manatla yaşamaq olar?” deyə bilərəm.

Amma həmin qərar necə qəbul olunub, mexanizmi nədir, bunları bilmirəm. Ona görə belə məsələlərdə susuram.

Bəzən haqqımda deyirlər ki, "başına qapaz dəyməyəcək" mövzuda danışır, amma hökumətdən qorxduğu məsələlərdə susur. Yox, qardaş, mən qorxmuram. Hökumət qorxuludurmu? Əlbəttə, qorxuludur, adamın dədəsini də yandırar. Amma “hoha” var dağa qaldırar, “hoha” var dağdan endirər.

Bu gün etiraz edən insanların ən böyük problemlərindən biri “hoha” seçməmələridir... Məqsəd populist davranıb qarşı tərəfin xətrinə dəyməkdir. O zaman nə gözləyirsən?! Eyni sözü başqası da deyir, amma onun başına heç nə gəlmir.

Elə məsələlər də olub, camaat məni susdurub. Məsələn, koronovirus mövzusuna görə susub dayandım. Artıq koronovirusla bağlı heç nə danışmıram, yazmıram, yalnız sual verəndə cavablandırıram.

Pandemiya yayılanda baxdım ki, camaatın vecinə deyil. İnamsızlıq var idi, lağlağı edirdilər. Halbuki bu, ciddi bir şeydir. Biz Çindən, İrandan, İtaliyadan yüksək ölkə deyilik. Bu ölkələrin vətəndaşları qırılır, azərbaycanlılar da bunu lağlağı predmetinə çevirib gülürlər... Onda başladım danışmağa. Bir qədər danışdıqdan sonra camaat başladı məni söyməyə. Bir gün yoldaşım mənə dedi ki, Vasif, özünü söydürməkdən ləzzət alırsan? Baxdım ki, düz deyir. Bu mənada susdurulmuş sayıla bilərəm...

- Yeri gəlmişkən, sizcə, koronavirus bioloji silahdırmı?

- Müxtəlif versiyalar var. Koronavirus bioloji silah da ola, Mariana çökəliyindəki balinanın yumurtasından çıxa da bilər. Amma nə olsun? Ağzı olan danışır, mənə isə fakt lazımdır. Mən də hər hansı versiya irəli sürə bilərəm. Məsələn, çox ciddi arqumentlərlə koronavirusun Çelyabinski vilayətinə düşən meteroiddən yayıldığını deyərəm. İnandırım ki, bu versiya bir həftəyə 100 milyon baxış gətirər. Amma bu, doğru deyil.

Bu gün koronavirusun bioloji silah olduğunu iddia edən çevrələrin 90 faizi teatr oynayır. Pandemiya elan olunandan 1 il keçib. Bu günədək ciddiyə aldığım iki açıqlama olub. Biri HİV virusunu tapan fransız alimin müddəasıdır. O demişdi ki, bu, bioloji silahdır, digəri isə Honkonqa qaçdığı deyilən çinli virusoloq - o da analoji iddia irəli sürmüşdü. Hər ikisi ortaya fakt qoyacağını vəd eləmişdi.

Birinin üzərindən 10 ay, digərininkin isə 11 ay keçib, ortada heç bir fakt yoxdur.

- “Microsoft” şirkətinin qurucusu Bill Qeyts terrorçuların kütləvi hücumlar üçün viruslardan bioloji silah kimi istifadə edə biləcəyini düşünür. O, əvvəlki illərdə də qlobal epidemiya barədə xəbərdarlıq eləmişdi...

- Gəlin bir mənzərədən danışaq. Tutaq ki, yolda bir xanım mənə yaxınlaşıb deyir, uşaqların alimentin niyə vermirsən? Gendən baxan düşünər ki, bu nə pis kişidir. Amma tanıyan biri gəlib deyir ki, bu adam heç evli olmayıb, aliment haradan çıxdı?! Hər hansı bir məsələ müəyyən bir məzmunun içərisində məna qazanır. Məncə, Bill Qeyts həmin fikri bu aspektdə söyləməyib.

Koronavirusun kökü təzə deyil. 2003-cü ildə Çindən bir koronovirus ailəsinin insanlığın başına bəla açacağı bilinirdi. Elmi jurnallarda hər il koronovirus haqqında 15-20 məqalə çıxırdı. Çində vəhşi heyvanlarla təmas çoxdur. Onlar vəhşi təbiətdə uçan, qaçan, sürünən nə varsa, hamısını tutub yeyir. Amma azərbaycanlılar vəhşi təbiətlə praktik olaraq təmasda deyil.

Tutaq ki, Azərbaycan arealında ayıların içində koronovirus yayılıb. Bunun insanlara keçmə ehtimalı yoxdur. Çünki ayılarla təmas yox dərəcəsindədir. Çində isə milyonlarla insan hər gün yarasa yeyir, orada başqa heyvanların virus hovuzu da var. Əgər bu hovuzun içinə mütəmadi girib-çıxırsansa, bir gün yoluxacaqsan.

İsbat olunmasa da, bu gün aparılan araşdırmalar koronavirusun yaranmasında şübhəli kimi yarasaları ortaya qoyur. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) komissiyası Çində bunu araşdırır. Əgər hər gün milyonlarla insan vəhşi təbiətin və ya virus hovuzunun içinə girsə, bir məqamda problem çıxacaq. Ona görə illərdir ki, alimlər, o cümlədən Bill Qeyts də söyləyir ki, insanlığın gələcəyinə xəstəliklər təhlükə yaradır.

Dünyada 7 milyard insan var. Pandemiyanın ilk 6 ayında dünya iqtisadiyyatı 2 trilyon dollardan çox itkiyə uğradı. Bu, dünyada hansısa ölkəyə ziyan vurmaq istəyən terroristlərin diqqətini cəlb etdi. Demək, bir virusla bir şəhəri, bir ölkəni, hətta bütün dünyanı alt-üst etmək olar.

Tarixdə də var, bəzən adamlar məşhur olmaq üçün gedib hansısa abidəni yandırır. Məqsədi də adını tarixə yazdırmaqdır. Bu aspektdən yanaşsaq, bəli, axmaq bir insan virusdan bioloji silah kimi istifadə edə bilər. Allah qorusun, ölmüş bir heyvanı götürüb su hövzəsinə ata bilər. Bu da bioloji terrordur. Pandemiya pisniyyətli insanların ağlına yeni-yeni fikirlər gətirdi.

Bioloji silahları laboratoriyalarda 80 qapının arxasında saxlamırlar. Bu gün küçədə, meşədə gördüyümüz ölmüş bir çaqqalın meyiti belə, bioloji silah ola bilər.

- İndiyə qədər deyirdilər ki, müasir tibb elmi kifayət qədər inkişaf edib və bir çox problemin öhdəsindən gələ bilər. Bəs niyə təbaət koronovirusa bir çarə tapa bilmədi, dünya onun əlində əsir-yesirə çevrildi?..

- Dünyanın koronavirusun əlində əsir-yesirə çevrilməsi doğrudur. Amma tibbin çarə tapmadığı məsələsində sizinlə razı deyiləm. İnsanlıq və təbabət tarixdə belə bir şey olmamışdı ki, peyvəndi 1 il ərzində hazır eləsin və tətbiq olunsun. Eyni zamanda koronavirusu müalicə etmək üçün çox yaxşı dərmanlar da tapdılar. Yəni tibb aciz qalmadı. Bizi pis vəziyyətə salan o idi ki, virusun yoluxması ilə ciddi xəstələnmə arasında müddət qısa idi.

Digər səbəb o idi ki, insanlar həkimə gec müraciət edirdilər. Bunun rolu çox böyükdür. Virusun ikinci dalğası yayılanda böyük problemimiz insanların çox gec müraciət etməsi oldu. İnsanlar çox vaxt evdə müalicəyə ümid edir və çoxu da evdə müalicə oluna bilirdi. Müalicə oluna bilməyənlər isə xəstəxanaya gec gedir və həyatını itirirdilər. Digər bir səbəb xəstəxanalarda yer çatışmazlığı idi, istəsən də xəstəxanaya düşə bilmirdin. Bunların qarşısında nə etmək olar?

Düşünün ki, ağ ciyərinin 80 faizi tutulmuş 55 yaşlı 2 illik şəkər xəstəsi, yüksək qan təzyiqi və saturasiyası da 70 olan bir insan gedib xəstəxanaya. Burda həkim çarəsizdir...

Bir xəstəm 2 ay koronovirus xəstəxanasında müalicə oldu. Ağ ciyərləri sıradan çıxdığı üçün vəfat etdi. Onu ancaq ağ ciyər köçürməsi qurtara bilərdi. Ağ ciyər köçürməsi isə Azərbaycanda aparılmır.

Yer kürəsi tarixində indiyədək bir xəstəlik bütün materiklərə eyni anda yayılmamışdı. Antarktida belə, koronovirus tapdılar. Əslində bu məsələdə tibb çarəsiz deyildi, əksinə, çox çevik davranırdı.

- Doktor, insanda fərqli xəstəliklər nədən qaynaqlanır?

- Xəstəliklərin nədən yarandığı artıq tam bəllidir. Bununla patofiziologiya elmi məşğul olur. Patofiziologiya bu gün bütün xəstəliklərin yaranma mexanizmlərini qeyd edir. Birinci, alınan zədələr (travmalar), ikinci, yolxucu, üçüncüsü, qocalmaya bağlı, dördüncü onkoloji və bir də otoimmun xəstəliklər var. Bu gün anlaşılmayan ayrı-ayrı xəstəliklər var ki, onlar qocalmaya bağlıdır.

Məsələn, əvvəllər sidiyə getməkdə yaranan çətinliyi prostata bağlayırdılar. Sonra məlum oldu ki, bu, sidiyə getmə orqanlarının qocalmasına bağlı haldır. Bu da normalıdır. İnsanın gözü qocalır, eynək taxır və ya katarakt əməliyyatı olunur, qulağı qocalır eşitmə cihazından istifadə edir, dişləri tökülür protez qoyulur, saçlar tökülür və ya ağarır müdaxilə etmək məcburiyyətində qalır. İnsanın gözü, qulağı, dişi, saçı qocala bilər, prostatla sidik kisəsi yox?!

- Bacardığınız, ancaq imtina etdiyiniz əməliyyat növü varmı?

- Var. İndi sidik kanalının əməliyyatlarını artıq etmirəm. Əvvəllər hipospadias (peyğəmbər sünnəti) edirdim. Bir gün bir klinikada böyrək əməliyyatdan çıxanda gördüm ki, qonşu otaqda tanış bir həkim hipospadias əməliyyatı edir. Əməliyyatı izlədim, sonda həkimə bu cərrahi müdaxiləni məndən daha yaxşı etdiyini dedim. Əgər Azərbaycanda Vahid İsmayılov hipospadias və ya kanal əməliyyatını Vasif İsmayıldan daha səliqəli edirsə, mənim onlara əl vurmağa ixtiyarım yoxdur.

Bu məsələdə ya gərək özümü heç olmasa onun səviyyəsində yetişdirərdim, ya da ki, buna əl vurmaram.

Baxmayaraq ki, illərlə məşğul olmuşdum, amma bəzi uşaq əməliyyatlarından da imtina etdim. Çünki Azərbaycana bu işi yaxşı bacaran uşaq uroloqları meydana çıxdı. Onlar olan yerdə mən niyə bunu edim ki?! Elə əməliyyatlar da var, məndən yaxşı bacaran yoxdur, bunlarda kifayət qədər iddialıyam.

- İnsanları sağaltmaq necə hissdir?

- Artıq, iş kimi bir şeydir. Əlbəttə, tələbə vaxtı sentimental idik ki, insanı sağaldacağıq, insan həyatı müqəddəsdir... İndi də elə fikirləşirik, amma artıq o emosional yük yoxdur, işdir də... Biri ayaqqabı yamayır, digəri insan sağaldır. Məncə, çox böyüdüləcək bir şey deyil.

Ötən gün bir həkim qazinin videosuna baxırdım. Həkim olaraq Naxçıvanda xüsusi təyinatlı qüvvələrə qoşulub. Qarabağ müharibəsində onlarla insanın həyatını xilas edib. Özü ağır yaralı olduğu halda digər ağır yaralıları öz nümunəsində ruhlandıraraq onları təxliyə etdirə bilib. Bir epizodda danışır ki, mina düşən yerdə iki gün olarmış ki, bir nəfərin inildədiyini deyiblər. Ətrafdakılar onun şəhid olacağını gözləyirmiş. Bu həkim hər nə olur-olsun ona yardım etməyə qərar verib.

Aradan iki həftə keçəndən sonra təsadüfən qospitalda həmin əsgərlə görüşür. Bəli, bu həkimin hisləri başadüşüləndir.

Ağır əməliyyatlar edirəm, xəstələri sağaldıram, amma bunda xüsusi bir qəhrəmanlıq görmürəm. Haqqında danışdığım həkimin etdiyi isə qəhrəmanlıqdır. Həm həkim, həm döyüşçü, həm xüsusi təyinatlı olasan, həm ümidsiz olduğu deyilən ağır yaralıya yardım göstərəsən, həm də özün ağır yaralı olduğun halda digər ağır yaralıların təxliyəsində onları ruhlandırasan. Bax bu, həqiqi qəhrəmanlıqdır.

- İkinci Qarabağ müharibəsində cəbhə bölgəsinə gedən həkimlərdən oldunuz. Nə müşahidə etdiniz?

- Müharibə başlayan günü bir qrup həkim Səhiyyə Nazirliyinə zəng etdik. Ertəsi gün onlar məsələni Müdafiə Nazirliyinə bildirmək lazım olduğunu dedilər. Zəng edib onlara da bildirdik. Sentyabrın 28-də qeyri-rəsmi kanaldan mənə bildirdilər ki, doktor, yaşınız çoxdur, uşaqlarınız var. Gördüm ki, “yox” demirlər, amma çox da istəkli deyillər. Ayın 29-da sakit durmadım, başladım ora-bura zəng vurmağa. Nəhayət, dedilər ki, qismən səfərbərlik elan olunub, yaşınız uymur, hərbi rütbəniz də yoxdur.

Bildirdilər ki, bu, onların sisteminə uyğun deyil, hərbi sistemdə problem yaradacaq. Amma hazırlıq səviyyəm bir hospitala başçılıq edəcək dərəcədədir. "Yox" cavabı alandan sonra dostlardan bəziləri araşdırdılar ki, şimal cəbhəsi tərəfdə boş yerlər ola bilər. Oktyabrın 1-də Bərdəyə getdik, niyyətimiz orada qalmaq idi. Orada qaldığımız müddətdə Naftalan, Gəncə, Ağdam, Sarıcalı, Yevlaxda olan hospitalların hamısı ilə əlaqəyə keçdik.

Müharibənin ilk 3-4 günündə ciddi itki verdik. Ondan sonra Azərbaycan Ordusu, rəhbərliyi, eləcə də xüsusi xidmət orqanları bir əməliyyat keçirdi və itkilərimiz 10 dəfə azaldı. Yarım gün ərzində 25 yaralı gətirilən Bərdə xəstəxanasına artıq gün ərzində maksimum 2 yaralı gəlirdi. Bərdədə olduğumuz üç gün ərzində xəstəxanaya kontuziya ilə bir qazi gətirmişdilər, bədənində heç bir cızıq yox idi. Yaralı sayımız azalmışdı.

Bərdədə yüksək formada cərrahi komanda təşkil olunmuşdu. Tanıdığımız, işinin ustası olan həkimlər çalışırdı. Bir adamın işinin yaxşı alınması üçün bir şərt var, işinə əngəl olmayacaqlar. Əlbəttə, "burada otururam" desəm, kimsə mənə "yox" deməzdi. Amma tibbi etika da var. Mən uroloqam, sidik kisəsi düzəldə bilərəm, qarın boşluğu əməliyyatları və böyrəyi təmir edərəm. Bu gün yaralıya qolunu, qılçasını, sinirini, sümüyünü tikib düzəltmək lazımdır. Bu yoldaşlar bunu məndən yaxşı bacarır. Oradakı həkimlər mənim yaralı üçün edə biləcəklərimi edə bilərdi, amma mən onların etdiklərini edə bilməzdim. Özümü qabağa verə bilməzdim.

Baxdıq ki, Bərdədə qalmağın yeri yoxdur. Qərara gəldik ki, Naftalana gedək. Gördük, buraya Bakıdan bir ordu həkim gəlib. Onların bir çoxunun hərbi rütbəsi var. Müharibə bölgəsində diş həkiminin faydası məndən daha çox idi. Çünki üzündən yaralanan əsgərlərə üz-çənə cərrahi yardımı göstərirdilər. Oradakı komanda da çox intensiv işləyirdi. Hər nə qədər burada qalıb kömək göstərmək üçün israr etsək də, "yox" demədilər, amma başa düşdük ki, istəmirlər.

Daha sonra Sarıcalı hospitalına getdik. Burada da çox yüksək keyfiyyətdə hərbi sistem qurulmuşdu.

Azərbaycan səhiyyə sistemi və həkimləri birləşib kifayət qədər etibarlı tibbi cəbhə qura bilmişdi. Bu gün yaralı qazilərimizin çoxunun sağalmağı, evinə-eşiyinə getməyinin səbəbi bu cür göstərilən tibbi yardımlardır.

Allaha çox şükür ki, ordumuz yaxşı idarə olundu. Bu, çox böyük bir zəfərdir, amma bu zəfərin kifayət qədər qiymətləndirilməyən başqa tərəfləri də var. Bu qədər böyük qələbə nisbətən az itkiylə əldə olundu. Əlbəttə, 3 minə yaxın şəhid az deyil, amma bu miqyasda iş görmüşük və bu qədər itki olubsa, demək, idarəetmən yaxşı olub, əsgər və zabitlər şücaətli və bacarıqlı olublar. Tibbi qurumlarda şəhid olan insanların da sayı çox azdır.

Müharibədən sonra əhali arasında yaralıların vaxtından əvvəl evə buraxılması barədə bəzi narazılıqlar yaranmışdı. Bir adamın ayağının sağalması minimum 6 ay çəkir. Bəzən olur ki, bir ayağa bir əməliyyat edirsən, daha sonra ikincini etməlisən. Arada 2 ay yarım vaxt olmalıdır. Bu müddətdə biz yaralını hospitalda saxlamalıyıq?! Bu, düzgün deyil axı. Bir insan evində sağalır, xəstəxanada yox.

Aradan bir xeyli müddət keçib. Bu insanların çoxu sağlığına qovuşmaq üzrədir. Onların vəziyyəti stabilləşəndən sonra inanıram ki, praktik olaraq qoltuğu dəyənəkli bir qazi görməyəcəyik. Hamısını dövlət biometrik protezlərlə təmin edəcək. Azərbaycan xalqı hər zaman onları başının üstə tutacaq.

- Ermənilər Qarabağdakı məğlubiyyətləri ilə barışana oxşayırlarmı?

- Müharibə başlayandan indiyədək hər gün erməni kanallarını ciddi izləməyə başladım. Çox mürəkkəb xalqdırlar, həm də bədbəxtdirlər. Amma bu yolu özləri seçiblər.

Müharibə bitəndən və üçtərəfli protokol imzalanandan sonra onların etirazlarının və reallıqla heç bir əlaqəsi olmayan həyasız davranışının həddi-hüdudu yox idi.

Məlum protokola əsasən, ermənilərə rayonları boşaltmaq üçün müəyyən vaxt verildi. Məsələn, Kəlbəcərin boşaldılması üçün düşmənə verilən vaxtda onlar bütün ağacları kəsdilər, özləri tikmədiyi evləri yandırdılar, arı pətəklərinə od vurdular, arıları diri-diri oda atdılar, eşşəyin başını kəsdilər. Bunları görəndə içimdə deyirdim ki, gərək bunlara zaman verməzdik...

Amma yavaş-yavaş düzəlirlər, qəbul edirlər. Məsələn, Zəngəzurda sərhədlərin delimitasiya məsələsində, eləcə də Zod qızıl mədəni ətrafında çox kükrədilər, amma axırda qəbul etdilər. Bu gün erməni xalqı başa düşdü ki, Ermənistanın Qarabağa heç bir aidiyyəti yoxdur. Bilirlər ki, Ermənistanda rütbə sahibləri Qarabağa yalnız Azərbaycanın icazəsi ilə gedə bilər. Doğrudur, yenə də dikbaş durular, amma bunu da qəbul ediblər.

Onlar çox yox, 2021-ci ilin sonunadək Xankəndindəki Azərbaycan bayrağını da qəbul edəcəklər. Gözləyirlər ki, biz Şuşaya yol çəkib orada festival keçirib, o ərazilərə insan məskunlaşdıra biləcəyik, ya yox. Biz bu il heç olmasa, Şuşada 3-5 min arası məskunlaşmanı təmin edə bilsək, ondan sonra Xankəndi üzərində Azərbaycan bayrağı dalğalanacaq.

- Ermənilərin Azərbaycana qarşı nifrətinin kökündə nə dayanır?

- Buna həmişə erməni milli düşüncəsinin məhsulu kimi baxmışam. Amma bunun konkret adı var - sexakronizm (seqakronizm). İtaliyada faşizm, Almaniyada nasizm, Kambocada Pol-Pot rejimi olub, Ermənistanda da bunun adı sexakronizmdir. Sexakronizmin baş ideoloqu Qareqin Njdedir. Bu, ermənilərin xoşuna gəlir. Adam erməniyə deyirdi ki, sən ali irqsən, böyüksən. Bir xalqa bir şeyi uzun müddət diktə etsən, əlbəttə, axırda inanacaq.

Yaxınlarda Ermənistan Təhsil nazirinin müavini demişdi ki, Qareqin Njdenin faşist fikirləri XXI əsirdə qəbul olunmur. Onu daşqalaq etdilər.

Necə ki, qoluna xaç çəkib gəzmək, "hayl Hitler" demək cinayət hesab olunursa, bu gün də sexakronizmin idealları dünyada qadağan olunmalıdır. Ermənistanın sexakronik düşüncələri Fransanın, İngiltərənin, Almaniyanın, Rusiyanın marağında deyil, çünki onlara ziyanı yoxdur. Amma Azərbaycana, Gürcüstana, Türkiyəyə ziyanı var. Bu cür böyük ölkələrə ziyanı olmadığı üçün onu çox diqqətə almırlar. Amma biz bunu ciddi şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Çünki dünya ictimaiyyəti nasist, faşist ideologiyaların yenidən xortlamasından çox qorxur.

- Sizcə, dinlərin qadınlara qarşı niyə kəskin mövqeyi var?

- Dinlər bir mədəniyyət hadisəsidir, folklordur. Yəqin bir çox insanlar razılaşmayacaq, amma bu mənim şəxsi fikrimdir. Qadınlara qarşı münasibət də mədəniyyət hadisəsidir. Mədəniyyəti formalaşdıran mövcud şəraitdir. Böyük bir səhrada əsasən ticarət və ya heyvandarlıqla məşğul olurlar. Belə bir şəraitdə qadının işi-gücü paltar yumaqdı, yemək bişirməkdi. Bu kimi yerlərdə üstəlik şiddət də varsa, o zaman qadını evə həbs edəcəklər. Ona görə də Yaxın Şərqdəki maldar toplumlarda qadına qarşı münasibət çox ağırdır. Yəni qadını evə həbs etmək və heç kəsə göstərməmək...

Eyni işi Qafqazda etmək olmur. Doğrudur, Qafqazın aran bölgələrində edə bilərlər, amma dağda bunu edə bilməyəcəklər. Dağda qadının iştirakı olmadan heç bir iqtisadi fəaliyyət başa gələ bilməz. Ona görə də yəhudilik Qafqaza çatanda buradakı yəhudiliklə İudeyadakı yəhudilik eyni deyildi. İudeyadakı yəhudilik qadınlara daha sərt münasibət bəsləyirdi, Qafqazda o münasibət keçmədi.

Bir gün Kazbek dağına dırmanmağa gedirdim. Orada xizəksürmə yerindən keçəndə gördüm ki, 28-29 yaşlarında bir gürcü qabaqda dəryazla ot biçir. Onun arxasında da 22-23 yaşında həyat yoldaşı yabayla otu toplayır. Əgər bu qadını evə həbs etsən, ac qalacaq, heyvanlarına ot toplaya bilməyəcək. Əlbəttə, ərəbin və ya yəhudinin belə bir dərdi yoxdur. Çünki iqlim heyvanları il boyu otarmağa imkan verir. Bu zaman dini inanc səndən nə tələb edirsə, edə bilmirsən, onu yumşaltmaq məcburiyyətində qalırsan. Qadınlara qarşı olan münasibətin kökündə mədəniyyət və şərait dayanır, din bəhanədir.

- Deməli, qadınlardan da ona görə peyğəmbər çıxmadı?..

- Dünya patriarxaldır. Bütün şan-şöhrət həmişə kişilərin adına yazılıb. Peyğəmbərlik də şöhrətli bir şeydirsə, ancaq kişilərə aiddir. Türklərdə yox, bir çox cəmiyyətlərdə qadınlar tamamilə lazımsız-lüzumsuz kimi görünür. Hətta mədəniyyət beşiyi sayılan qədim Yunanıstanda, Romada belə qadının qiyməti olmayıb. Qədim Romada qadını müəyyən mənfəət gətirən, səmərəli ittifaq üçün bəzən bir vasitə kimi görürdülər.

Amma türklərdə belə olmayıb. Ərəb ailəsi qızını ərə vermədən öncə pul alırdı. Türklərdə isə düşünülənin əksinə, başlıq çox olmayıb.

- Allah fiziki olaraq mövcuddur, yoxsa insanların beyninin məhsuludur?

- Allahın fiziki olaraq mövcudluğunu kim söyləyə bilər ki?! Fizikidirsə, onun bir işarəsi, çəkisi, sürəti olmalıdır. Səmavi dinlərdə zatən bu, tam inkar olunur. Yəni nə dinə, nə də elmə görə Allahın fiziki mövcudiyyəti yoxdur.

- Ölümdən sonra insanı nə gözləyir?

- Torpaq.

- Vəssalam?

- Vəssalam. Bir də xatirələr. İnsanlar arasında gözəl xatirə qoyacaqsan. Əvvəlcə səni xatırlayacaqlar, çox böyük adam olsan, xatirələrinin üzərinə bir az da qoyacaqlar və səni əfsanəyə çevirəcəkslər. Ya da bir əsər qoyub gedəcəksən. Əsərin nə qədər yaşayacaqsa, sən də o qədər var olacaqsan.

Bu gün Sokrat heç bir yazılı əsər qoymayıb. O tələbə yetişdirib, tələbəsi də götürüb müəlliminin bütün fikirlərini kitab olaraq yazıb. Sokrat bu gün də yaşayır.

- Oşo kimi...

- Oşo bir az daha avantüristdir, yəni mən elə düşünürəm. Şərqdə zatən uzun müddət avantüristlərə önəm verirdilər.

- Bəs heç bir iz qoymayan insan?

- Yəqin ki, kiməsə yaxşılığın keçib... Öləndən sonra o insan səni 5 il yadda saxlasa, bu da bir izdir. Yaxud bir adam məscid tikir, həyətinə də bir bulaq çəkir. Özü ölüb getsə də, məscidlə bulaq durur, kiməsə xidmət edir. Buna dində "davam edən savab" deyirlər. Ona görə də çox da kefimizi pozub “öləndən sonra torpağa qarışacağıq”, “cənnətə gedib böyük işlər görəcəyik” deyə düşünmək lazım deyil. Narahat olmayın, cənnət də, cəhənnəm də Yerdədir.

- İslama görə cənnət də, cəhənnəm də axirətdədir.

- Sizə cənnətin də, cəhənnəmin də Yer kürəsindəki yerini deyim. Dini ədəbiyyatlarda bunun adı “Ədn” cənnəti (Ədən bağı) olaraq bilinir. Ədn cənnəti Livanda yerləşən Adonis vadisidir. Bu vadi bu gün də çox gözəldir. Azan sözü də Adonisdən gəlir. Adonis yunancadır, “is”i çıxdıqda “adon” qalır, yəni azan. Azan Adonisə olan duadır.

Cəhənnəm isə “Hinnom” və ya yəhudi dilində “Ge Hinnom” vadisi deməkdir. Hinnom oğullarının vadisi anlamına gəlir. Yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub-qərb hissəsində yerləşən bir vadidir. Cənnət də, cəhənnəm də yerdədir. Gedib gəzib görə bilərsiz.

- Əslində maraqlı yanaşmadır...

- Maraqlı deyəndə fakt budur.

- Sizin faktınız Qurani-Kərimə uyğun deyil...

- Məsələn, deyilir ki, “cəhənnəmdə yanacaqsınız”. Cəhənnəm ölülərin yandırıldığı yerdir. Ge Hinnom vadisi də zibilxana idi. Orada ölüləri yandırırdılar, əlbəttə, hörmətli olanları basdırırdılar. Məsələn, deyirlər ki, cənnətdə Kövsər çayının suyu süd kimidir. Gedin Adonis vadisinə, görəcəksiz ki, eyni çay və süd kimi də suyu var.

- Sizcə, həyatın var olması haqda Darvin, yoxsa peyğəmbərlər haqlı idi?

- Əlbəttə, Darvin həqiqətə daha çox yaxınlaşmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər