1 Aprel 2021 21:58
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-la mübarizə dünyanın bir nömrəli məsələsinə çevrilib. Hətta dünyanın fövqəl dövlətləri belə bu bəlanın qarşısında bir çox hallarda acizlik nümayiş etdirirlər. Pandemiya ilə mübarizə prosesində Azərbaycan nümunəvi dövlətlərdəndir. Həm milli, həm regional, həm də qlobal səviyyədə bu prosesə töhvələr verir, bu, bir həqiqətdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizədə digər problem vaksinasiya məsələsidir: “Vaksinin tapılması nə qədər çətin idisə, indi onun ədalətli bölünməsi, ayrı-ayrı ölkələrin əlçatanlığının təmin edilməsi çox önəmli məsələyə çevrilib. Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi bu məsələdə də nümunəvi mövqe nümayiş etdirir.

Əvvəla, vaksinlərin alınması prosesində çox çevik siyasət həyata keçirilir. İlk olaraq vaksinin istehsal mənbəyi ilə danışıqlar aparılıb. Bu danışıqlar göstərdi ki, müəyyən qüvvələr beynəlxalq əlaqələrdən vaksinləşmə prosesində də öz maraqları üçün istifadə edirlər. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi var. BMT Baş Məclisinin xüsusi sessiyasının çağrılması ideyasını reallaşdırdı, indi də vaksinləşmənin ədalətli bölgüsü ilə bağlı məsələni BMT gündəminə çıxardı”.

Elman Nəsirov qeyd edib ki, hazırda vaksinləşmə prosesinin ədalətli aparılması istiqamətində müəyyən problemlər yaşanırr: “Ayrı-ayrı dövlətlər vaksinləri əhali sayından qat-qat çox olaraq əldə edir, nəticədə kasıb ölkələrin əlçatanlığının təmin edilməsində ciddi çətinliklər yaranır. Ölkəmizdə ilk olaraq 65 yaşdan yuxarı insanların vaksinləşməsi ön plana keçirildi, növbəti mərhələ 50 yaş, daha sonra 40 yaşdan yuxarı şəxslərin peyvənd olunması başlanıldı.

Mən özüm də peyvənd olunmuşam. Vaksin vurdurmaqdan qətiyyən çəkinmək lazım deyil, ona şübhə ilə yanaşmaq olmaz.

Hazırda vaksini əldə etmək çətin məsələyə çevrilib. Belə olan halda vaksinə qarşı inamsızlıq nümayiş etdirmək qətiyyən qəbuledilməzdir. Ölkəmizdə bu istiqamətdə işlər sistemli şəkildə getməkdədir, əhalinin sağlamlığı dövlət siyasətinin mərkəzi hissəsidir.

Azərbaycan təkcə milli səviyyədə deyil, regional, beynəlxalq səviyyədə də prosesə tövhə verən dövlətlər sırasındadır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər