8 Aprel 2021 17:34
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən inanmadığım mövzuda kiməsə tövsiyə etmərəm, yaxud özüm o işə qoşulmaram. Hər iki doza peyvəndi vurdurmuşam, özümü çox yaxşı hiss edirəm".

Bunu Teleqraf.com-a açıqlaqmasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Millət vəkili vətəndaşları vaksinə şübhəli yanaşmamağa çağırıb:

"COVID-19 virusu səbəbilə ətrafımda dünyasını dəyişən insanlar olub. Dünyada yüzminlərlə insan bu xəstəlikdən ölüb, amma peyvənd vurdurub ölən yoxdur. Bir-iki nəfər qeydə alınıbsa, onlar da başqa xəstəlikdən dünyasını dəyişib. Virusdan qorunmağın başqa yolu yoxdur. Təkcə özü üçün yox, ətrafındakı insanlar üçün peyvənd olunmalısan. Bir nəfər yüz nəfəri xəsrələndirə bilər.

Peyvənd qaçılmazdır. Beynəlxalq təcrübədə də peyvənd olunmuş insanlar əlavə üstünlüklər əldə edir. Vaksinasiya olunmuş şəxslər sərbəst şəkildə xarici ölkələrə səfərlər edə, sərbəst hərəkət imkanı qazana bilərlər".

Millət vəkili təklif edib ki, vaksinasiya olunmaq şərtilə karantin tədbbirləri yumşaldılsın: "Mümkün qədər qorunmaq lazımdır. Mən çox istərdim ki, metro açılsın, çünki metroda yoluxma şansı daha azdır, nəinki sıxlıq müşahidə olunan avtobuslarda.

Nəqliyyat şəbəkəsi genişləndirilsə, yoluxma şansı azalar. Yazdır, təmiz hava qəbul etmək lazımdır. Təklif edirəm ki, sosial məsafə gözlənilməsi şərtilə yığıncaqlar keçirilsin. Əsas vaksinasiyanın düzgün şəkildə aparılmasıdır. Dövlət də bu istiqamətdə bütün vacib addımları atır".


Müəllif: Aysel Azad