22 sentyabrda etibarən orta məktəblərdə, 29 sentyabrdan etibarən isə ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunur. Müəllimlərin və tələbələrin dərslərə qoşulması üçün onlardan COVID pasportu və ya əks göstəriş sertifikatı tələb olunur. Lakin sertifikatı təqdim edən komissiyaların cavabları gecikir. Məktəb direktorları isə sertifikatı olmayan müəllimlərin əmək haqlarının kəsiləcəyini bildirirlər.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirir ki, müəllimlərin sertifikatlarının verilməsi ilə bağlı ən çox problem Mərkəzi Aran, dağlıq və dağətəyi rayonlarda müşahidə olunur:
“Bugünkü rəqəmlərə baxsaq, bizim 4435 orta ümumtəhsil məktəbində çalışan 150 min müəllimin artıq 85 faizə qədəri vaksin olunub, digər hissəsinin isə əks göstəriş və immunitet sertifikatı var. Təbii ki, bu məqamlar həmin şəxslərin tədrisin təşkilində müəyyən qədər problem olacağını göstərir. Çünki pandemiya dövründə tədrisin təşkili mütləq ən yüksək təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirməlidir.
Dövlət qurumları müvafiq sənədlərin verməsi ilə bağlı gecikmələr edirlər. Bu, ciddi problem yaratmasa belə, hesablamalarımıza görə bir neçə məktəbdə, xüsusən Mərkəzi Aran, eyni zamanda dağlıq və dağətəyi ərazilərdə kənd məktəblərində müəllim çatışmazlığını yarada bilər. Apardığımız araşdırmalar göstərir ki, həmin ərazilərdə ibtidai sinif müəllimlərinin sayı 60 ətrafındadır. Bu isə onların bəzilərinin vaksin olunmamasına, ya da digər sənədlərin olmadığına görə tədrisin təşkilində müəyyən gecikmələrə səbəb ola biləcək.
22 və 29 sentyabr ənənəvi tədris bərpa ediləcək. Təəssüf ki, bizim bəzi təhsil işçiləri nəyisə gözləyirdi və gözləntiləri doğrulanmadı. Yekun nəticədə bizim şagirdlərimizin bir hissəsi müəllimsiz qala bilərlər”.
Kamran Əsədov hesab edir ki, problemin aradan qaldırılması üçün Təhsil Nazirliyi ehtiyat müəllim kadr bankı yaratmalıdır:
“Hansı məktəblərdə sentyabr ayının 22-ə qədər vaksinasiya və ya əks göstəriş seritifikatı ilə bağlı sənəd təqdim olunmasa, ehtiyat müəllimlər tədris prosesində iştirak etsinlər. Eyni zamanda, şagirdlərə onlayn tədrisin təşkili ilə bağlı artıq proqram hazırlanmalıdır. Müəyyən fənlər üzrə artıq indidən ehtiyat müəllim kadrları seçilməli, tədrisin onlayn qaydada təşkili ilə bağlı müvafiq addımlar atmalıdırlar.
Rəqəmlərə baxsaq, 50 və daha yuxarı yaşı olan müəllimlər ümumi müəllimlərin 37 faizini təşkil edir və bunlar risk qrupu hesab edilə biləcəklər. Bu problemin aradan qalxması üçün mütləq şəkildə alternativ ehtiyat müəllim kadr bankı formalaşdırmalıyıq. Əgər tədrisin təşkilində problem olarsa, həmin müəllimlərin bilik və bacarıqlarından istifadə edilə bilər”.
Təhsil eksperti əlavə edib ki, müəllimlərin əmək haqlarının kəsilməsi Əmək Məcəlləsində nəzərdə tutulmayıb: “Vaksin olmayan müəllimlərin dərs saatları məsələsi ciddi problemdir. Doğrudur, tədrisdə iştirak etməyəcək müəllimlərin əmək haqlarının kəsilməsi Əmək Məcəlləsində qeyd olunmayıb. Lakin başa düşməliyik, ki, müəllimlər əgər tədris prosesində iştirak etməyəcəklərsə, onların əmək haqları ya verilməyəcək, ya da yalnız iştirak etdikləri onlayn dərslərə görə çox az bir qismi verilə bilər.
Hazırda sertifikatların gecikməsi müəllimləri yeganə çıxış yolu kimi vaksin olunmağa məcbur edir. Bəzən burda süni şəkildə bu problem yaradılır. Hesab edirəm ki, müəllimlərin vaxtında tədris prosesində iştirakı üçün bütün zəruri addımlar lazımi vaxtda atılmalıdır”.
Qeyd edək ki, ötən həftə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev də qeyd etmişdi ki, müəllimlər yalnız COVID pasportu və ya əks göstəriş sertifikatı olduğu halda əyani dərslərdə iştirak edə bilərlər.
Səhiyyə Nazirliyi isə məsələ ilə bağlı sualımıza cavab olaraq bildirib ki, əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.