12 Oktyabr 2021 10:53
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Naziri Emin Əmrullayevin qadın müəllimlər haqqında bildirdiyi fikir müzakirələrə səbəb olun. Nazir hesab edir ki, təhsildə qadınların çox olması gələcəkdə problemlərə səbəb olacaq. Onun fikrincə, kişi müəllimlərin sayını artırmaq lazımdır.

Teleqraf.com mövzu ilə bağlı ekspertlərə müraciət edib.

"Kişi o maaşla ailəsini dolandıra bilmir"

Sosioloq Əhməd Qəşəmoğlu nazirin fikirləri ilə razıdır. Onun sözlərinə görə, mövzuya müxtəlif bucaqlardan baxmaq lazımdır: “Bəli, bu gün orta məktəblərdə, aşağı siniflərdə müəllimlərin əksəriyyətinin qadın müəllim olması böyük problem yaradır. Uşaqların yalnız qadın psixologiyasına uyğun formalaşması düzgün deyil.

Sinifdə həm kişilər, həm də qadınlar olmalıdır. Oğlanlara 11 il qadın dərs deyirsə, onlarda kompleks yaranır. Ona görə təhsildə bu, problem səviyyəsinə çatıb. Amma bu o demək deyil ki, qadın mütəxəssislərin, pedaqoqların qarşısını almalıyıq, əsla. Sadəcə ahəngdar şəkildə həm qadınlar, həm də kişilər bir-birini tamamlamalıdır. Çalışmaq lazımdır ki, hər sahədə tələb olunduğu qədər qadınlar olsun.

Məsələn, mən gender bərabərliyi ifadəsini sevmirəm. Çünki elə yer var ki, orada qadının, yaxud kişinin daha çox olmasına ehtiyac var. Nazirin fikrində müəyyən qədər həqiqət var”.

Ekspert bildirir ki, oğlanların müəllimliyə üz tutmamasının başlıca səbəblərindən biri bu sahədə əmək haqlarının aşağı olmasıdır: “Kişi o maaşla ailəsini dolandıra bilmir. Kişilər çalışırlar ki, daha çox qazanıb, evin ehtiyaclarını ödəsinlər. Bir ara hamı çalışırdı ki, qızlar pedaqoji təhsil müəssisələrinə yönəlsinlər. Bu da o məktəblərdə xoşagəlməz münasibətin yaranmasına səbəb oldu, ən çox rüşvətin toplandığı müəssisə pedaqoji universitet idi. Kimin tənbəl qızı var idisə, rüşvət verib, orada oxutdururdu.

İndi məktəb direktorları ilə danışıram, deyirlər, həmin qadın müəllimlər böyük problemlər yaradıb. Özlərinin təhsili lazımı səviyyədə deyil, işdən azad edəndə isə etirazlar baş qaldırır. Problemlər çoxdur. Elmi əsaslarla geniş, kompleks fəaliyyət proqramları olmalıdır”.

"Kişi məllimlərin olmaması öz fəsadını göstərir"

Psixoloq Aidə Nəbiyeva da Təhsil Naziri ilə həmfikirdir. O hesab edir ki, indiki dövrdə təhsildə qadınların çox olması oğlanların tərbiyəsində feminist xüsusiyyətlərin artmasına səbəb olub:
“Əslində, gender bərabərliyi təhsil sistemində qorunub saxlanmalıdır. Lakin indiki dövrümüzdə kişilərin müəllim olmamaq istəyi onları təhsildən bir qədər uzaqlaşdırıb. Bu da öz fəsadlarını göstərir. Nəinki məktəbdə, hətta ibtidai təhsil müəssisələrində belə əks cinsdən olan idman müəllimləri və yaxud digər ixtisaslarda kişi mütəxəssislərin olması məsləhət görülür. Bu, kişi cinsinin tərbiyəsi üçün çox önəmli mərhələdir”.

"Müəllim peşəsinin maaşı kəskin artırılmalıdır"

İqtisadçı-ekspert Natiq Cəfərli də məsələyə münasibət bildirib. Ekspert nazirlə həmfikir olsa da, bunun üçün sistemli addımlara, maddi stimullara ehtiyac olduğunu düşünür: “Nazir əslində çox vacib məsələyə toxunub, amma sosial şəbəkələrdə bu ifadəni zarafata çevrildiyini görürəm.

Qısa haşiyə çıxım. Yaponiya tarixən çox konservativ ölkə və cəmiyyət olub. İkinci Dünya müharibəsindən sonra Yaponiyanın yenidən qurulmasına start verərkən ilk təhsildən başladılar. Amma ciddi problem var idi: Konservativ yapon cəmiyyətində kişilərin uşaqlarla vaxt keçirməsinə, hətta uşaqları oxşamasına çox pis baxırdılar, məktəb müəllimlərinin tamamına yaxını isə xanımlar idi.

Məktəbdə müəllim işləmək heç ciddi təhsil də tələb etmirdi, xanımlar orta məktəbi bitirəndən sonra özləri müəllim işləyə bilərdilər.

Yaponiya hökuməti anladı ki, təhsilsiz iqtisadiyyat, inkişaf ola bilməz. Yüksək təhsilli müəllimlər, mütəxəssislər isə ancaq universitetlərdə dərs deyən kişilər idi, cəmiyyətin ənənəvi davranış və düşüncə tərzi də ciddi maneəyə çevrilmişdi. 1950-ci illərdə Yaponiya hökuməti doğru, amma ilk baxışda tənqidlərə məruz qalan qərar aldı – ali təhsilli məktəb müəllimlərinin maaşını dəfələrlə qaldırdı, məktəb müəllimi universitet müəllimdən azı 2-3 dəfə çox maaş almağa başladı, müəllim peşəsinin prestiji artdı.

Nəticədə heç kimin yadına “mentalitet” düşmədi, kişi müəllimlər universitetlərdən çıxıb məktəblərdə dərs deməyə başladılar. Nəticədə Yaponiya iqtisadi yüksəlişə keçdi, qısa zamanda dünya iqtisadiyyatının aparıcı 5 ölkəsindən birinə çevrildi.

Bu gün Yaponiyada ibtidai təhsil müəllimlərinin 39 faizi, orta təhsil müəllimlərinin 61 faizi, yuxarı sinif müəllimlərinin isə 78 faizi kişilərdir. Yaponiyada müəllimlər il ərzində 62 100 dollar maaş alırlar, amma əsas maaş deyil, müəllimlərin çox böyük sosial və tibbi sığortası olur ki, onu da dövlər qarşılayır, digər ciddi imtiyazlar da var – mənzil təminatı, yüksək təqaüd zəmanəti və sair”.

Ekspert hesab edir ki, ölkəmizdə müəllimlərin üzərinə daşıyacaqlarından artıq yük düşür: “Təhsilin səviyyəsi müəllimin cinsindən asılı deyil – bu dəqiqdir. Sadəcə ölkədə müəllimlərin maaşı çox az, onlara yüklənən kənar işlər isə - seçki, siyasi təbliğat və sair həddən artıq çoxdur. Son 20 ilin qəbul statistikasına baxdıqda görürük ki, ən aşağı balla tələbələr məhz pedaqoji ixtisaslara qəbul olunurlar. Nəticədə qısır döngə yaranır – ən zəif tələbələr müəllim olur, onlar universiteti bitirir, məktəbə müəllim kimi gedir və daha zəif şagirdlər yetişdirirlər.

Bu mənasız “zənciri” qırmaq üçün müəllim peşəsinin həm prestiji, həm də maaşı kəskin artırılmalıdır”.


Müəllif: Aysel Azad