8 Dekabr 2021 12:46
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əmək bazarının artan tələblərinə uyğun olaraq bacarıqlı işçi qüvvəsinin yetişdirilməsində aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələr aparılır və yeni proqramlar hazırlanır".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişafı Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xəttlərindən birini təşkil edir: "Son 4 ildə 30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür. Digər tərəfdən isə əmək haqqı fondu 92 faiz artıb. Orta əmək haqqı 40 faiz, median əmək haqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir.

Məşğulluq orqanları tərəfindən 230 mindən çox şəxs işə düzəlib, 36 min kiçik ve mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir.

Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır".

Sahil Babayev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq:

"Aktiv məşğulluq tədbirləri özünəməşğulluq proqramı və məqsədli proqramlı layihələr çərçivəsində əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq biz orada məşğulluğu maksimum formada təmin etməyə çalışacağıq. Hazırda orada podratçı şirkətlər və müvafiq dövlət şirkətləri tərəfindən işlər aparılır və onların ehtiyacını qarşılayacaq işçi qüvvəsi təmin edilib. Biz öz növbəmizdə əhalinin böyük qayıdış çərçivəsində planlı şəkildə oraya köçürülməsini gözləyirik. Bu proses mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək".


Müəllif: Yeganə Oqtayqızı