Ölkəmizdə COVID-19 pandemiyası ilə əlaqədar əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir. Azərbaycanda pandemiya nəzarətdə saxlanılır. Hazırda ölkəmizdə vəziyyət stabil və idarə olunandır. Gündəlik yoluxanların, xəstəxanada olanların sayı digər ölkələrlə müqayisədə aşağı səviyyədədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Azərbaycanın müasir səhiyyə infrastrukturu və dövlətin koronavirusla səmərəli mübarizə məqsədilə həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verir: “Nazirlər Kabineti yanında Operativ Qərargah öz qərarlarında bu sahədə elmi araşdırmaların nəticələrinə əsaslanır. Təcrübə və elmi araşdırmaların nəticələri təsdiq edir ki, tam vaksinasiya insanlarda virusa qarşı güclü immunitet formalaşdırır. Lakin ikinci dozadan 4 ay ötdükdən sonra immunitet zəifləməyə başladığına görə, əlavə 3-cü buster doza vurulması artıq vacib hesab edilir”.
Millət vəkli hesab edir ki, hazırda dünyada geniş yayılmağa başlamış Omikron ştammının Azərbaycanda müəyyən edilməsi ilə bağlı hər hansı fakt yoxdur: “Lakin bu ştammın region ölkələrində müəyyən olunduğunu nəzərə alaraq, onun Azərbaycana da keçməsi zaman məsələsidir. Omikron böyük sürətlə yayılır və əvvəlki Delta ştamından 4 dəfə çox yoluxdurucudur”.
Cavid Osmanova görə, təcrübə göstərir ki, vaksinasiya həqiqətən də kömək edir: “Koronavirusdan həyatını itirən insanların 90 faizi vaksin olunmamış şəxslərdir. Bu baxımdan da Operativ Qərargah əhalinin təhlükəsizliyininin daha səmərəli qorunması sahəsində tədbirləri davam etdirir. Həmçinin Azərbaycanda digər ölkələrdəki kimi sərt tədbirlər tətbiq olunmayıb. Lakin bayram günlərində insanlar daha çox qapalı məkanlarda vaxt keçirəcəklər. Buna görə də təhlükəsizlik tədbirləri unudulmamalı, karantin rejiminin tələbləri yerinə yetirilməlidir”.