3 Fevral 2022 18:37
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 15-dən sonra COVID pasportlarının müddəti 6 aylıq müəyyən edilir. Belə ki, COVID-19 virusuna qarşı 2 doza peyvənd olunmuş vətəndaşlara vaksin sertifikatının verilməsinin 6 ayı tamam olduğu təqdirdə, onlar üçüncü – buster doza peyvənd olunmalıdırlar.

Bəs proses necə baş tutur?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ikinci doza vaksinin vurulduğu gündən 6 ay sonra buster doza qəbul edilməlidir.

Buster doza vaksin sertifikatının verilməsinin 6 ayı tamam olduqdan sonrakı 56 gün ərzində vurulmalıdır. Əks halda, bu müddəti keçən vətəndaşlar yenidən birinci və ikinci doza vaksin olunmalıdırlar.

Bundan başqa, vətəndaşlar 2-ci doza vaksindən 5 ay sonra buster doza vurdura bilərlər.

İmmunitet sertifikatı olanlar nə etməlidir?

Əgər vətəndaşların immunitet sertifikatının 6 ayı tamam olubsa, onlar 56 gün müddətində bir doza vaksin qəbul etməlidirlər. Bu, buster doza hesab olunur. Əks halda, onlar da 56 gündən sonra 2 doza vaksin olunmalıdırlar.

Xarici ölkələrə səfər edənlərin nəzərinə

Vətəndaşlar arasında COVID-19 virusuna qarşı peyvənd olunan şəxslərin xarici ölkəyə səfərdən əvvəl PCR test analizi verib-verməsi sual olunur.

Qurumdan bildirildi ki, bu mövzu səfər olunan ölkələrə əsasən dəyişir. Bunun üçün vətəndaşlar səfərdən əvvəl gedəcəkləri ölkənin qaydalarına nəzər yetirməlidirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər