Bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid mayor Amid Heydərovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, universitetin tələbə və gənclər təşkilatları iştirak edib.
Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaqdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verdi.
Vətən müharibəsi veteranları,şəhidin döyüş dostları- polkovnik leytenant Elvin Həsənov, mayor Məmmədhəsənov Kərim qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin təhsil müəssisələrində təqdimatının əhəmiyətini vurğulayıb.
Tədbirdə şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, gənc xanəndə Yusif Cəfərbəylinin ifasında qəhrəmanlıq ruhlu musiqi kompozisiyası təqdim edildi.