9 Avqust 2016 12:02
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı geniş kollegiya iclası keçirilib.

Teleqraf.com nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan Kənd təsərrüfatı naziri Heydər Əsədov elmi-tədqiqat institutlarının maddi-texniki bazalarının yaxşılaşdırılması, laboratoriyaların müasir avadanlıqlar və yeni kompüter dəstləri ilə təchiz edilməsi istiqamətində davamlı olaraq həyata keçirilən tədbirlər barədə danışaraq qeyd edib ki, elmi-tədqiqat institutlarının bir hissəsinin inzibati-laboratoriya binalarında yenidənqurma işlərinə başlanıb.

Nazir elmi-tədqiqat institutlarında çalışan işçilərin əmək haqlarının orta hesabla 20 faiz artırıldığını, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni kartof toxumu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda isə meyvə tinglərinin yetişdirilməsi sahəsində layihələrin həyata keçirildiyini bildirib.

O, həmçinin elmi-tədqiqat müəssisələrində çalışan işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də nazirlik tərəfindən tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Elmi-tədqiqat institutlarında da müasir düşüncəli, öz ixtisasını mükəmməl bilən mütəxəssislərin işə qəbul edilməsinin vacibliyinə toxunan kənd təsərrüfatı naziri bildirib ki, elmi-tədqiqat institutlarının rəhbərlərinin fəaliyyəti qiymətləndirilərkən onların kadrlarla, o cümlədən gənc mütəxəssislərlə işi necə qurmaları əsas meyarlardan biri kimi nəzərə alınacaq.

Nazir qeyd edib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların seçilb-yerləşdirilməsində məhz bu prinsiplərin gözlənilmədiyi barədə Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlaraına çoxsaylı müraciətlər daxil olur. Direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol verdiyi nöqsanlar elmi-tədqiqat institutunun və kollektivin nüfuzuna ciddi zərər vurub. İnstitutun stuktur vahidləri arasında təkrarçılığın aradan qaldırılması, elmi-tədqiqatların aparılmasında çevik idarəetmə və nəzarət mexanizminin formalaşdırılması, habelə gənc və perspektivli kadrların cəlb edilməsi məqsədi ilə yeni struktur müəyyən edilib. Lakin direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməmiş, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb.

Məsələn, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edib. Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad edərək, İribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Yaxud dələduzluq əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürüb. Nizami Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmələrinə kömək” edəcəyi vədi ilə aldadıb.

Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi səlahiyyətlər verib, institutda baş verən qanunsuzluqların bir çoxunu onun vasitəçiliyi ilə həyata keçirib. Famil Nəsibov məsuliyyəti üzərindən atmaq üçün Nizami Qəhrəmanovu bir müddət əvvəl işdən azad edib.

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və qeyri-səmimi davranışa görə Famil Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi barədə kollegiyada müvafiq qərar qəbul edilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib.

Nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinə və Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinə tapşırılıb ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda maliyyə, əmək və icra intizamına əməl olunması sahəsində vəziyyəti yerində araşdırıb Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinə məlumat versinlər və zərurət yarandığı təqdirdə toplanmış materialların əlavə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsini təmin etsinlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər