22 Sentyabr 2016 14:30
2 843

İsayev Elvin Manaf oğlu 700 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

Topladığı bala görə Prezident təqaüdünə layiq görülüb.

Teleqraf.com Elvinlə müsahibəni müsahibəni təqdim edir.

– Elvin, yəqin sən də ayrıca müəllim yanına getmisən, eləmi?

– Elədir. Bakıda hazırlaşmışam.

– Hansı orta məktəbi bitirmisən?

– Nizami rayon 220 saylı orta məktəbi bitirmişəm. Məktəbdə də oxuyurdum, amma əlavə dəstək kimi müəllim köməyindən istifadə etmək yaxşıdır.

– Səncə, xüsusi müəllim yanına getməsəydin, 700 bal yığmağın mümkün olmazdı?

– Yenə deyirəm, mən müəllim yanına gedəndə sıfır dərəcədə deyildim, müəyyən bilik səviyyəm vardı. Sadəcə, 700 bala çatmaq üçün bəli, müəllimlərin köməyi vacib idi.

– İmtahanda suallardan qorxmadın ki? Həyəcan vardı?

– Yox! Tam sərbəst idim, həyəcan da yox idi. Birinci sualdan başladım, axırıncı sualda qurtardım.

– Axıra saxladığın, cavabında tərəddüd etdiyin suallar vardımı?

– Bircə sualı axıra saxlamışdım.

– Hansı fəndən idi?

– Tarixdən.

– Maraqlıdır, sual necə idi?

– Açıq tipli test idi. Onu keçdim. Axırda qayıtdım və düz yazdım.

– İşarələyib, sonra fikrini dəyişib, başqa cavab seçdiyin suallar oldumu?

– Yox, hamısını birbaşa yazdım.

– Sınaqlarda yaxşı nəticə göstərirdin?

– 651, 652, 667 və 700...

– Deyirlər sınaqlar qəbul imtahanından çətin olur. Sən necə düşünürsən?

– Razıyam. Sınaqlar nisbətən çətin olur.

– Fənlərin hamısından hazırlığa gedirdin?

– Bəli.

– Ayda nə qədər xərcin çıxırdı?

– 350 manat.

– Səncə, baha deyil ki?

– Normal səviyyədədir. Çox bahaları da var, mənim müəllimlərim elə deyildi.

– Ailənizin maddi durumu bu pulu ödəməkdə çətinlik yaradırdı?

– Təbii, çətin idi, əlavə xərcdir...

– Universitetdən sonrakı həyatın haqqında bir planın varmı?

– Bakalavrdan sonra magistr oxumaq istəyirəm, sonra da iş.

– İndiyə kimi hardasa işləmisən?

– Xeyr.

– Ailədə, qohumlarda yolunu davam elətdirmək istədiyin kimsə varmı?

– Bizdə heç kim hüquqşünas deyil. Hüquqşünas mən olacam.

– Ailədə tək uşaqsan?

– Yox, bacı-qardaşım var.

– Elvin, test üsuluna münasibətin necədir?

– Məncə, test çox obyektiv üsuldur. Məsələn, müəllimə dərs danışsam, qiymətimi kəsə də bilər. Amma test bu cür şeylərə imkan vermir.

– Test sisteminin təğv olunması barədə tez-tez fikirlər səslənir. İstərdinmi?

– Düzü, mən istəməzdim test sistemi ləğv olunsun.

– Bir halda ki bütün fənlərdən, o cümlədən, tarixdən sualların hamısını düz cavablandırmısan, deyə bilərsənmi, Şah İsmayıl Xətayini müəllimlərin sənə necə tanıdıb, necə öyrədib?

– İlk dəfə vahid dövlətimizi yaradan şəxsdir. Dövlət dilini rəsmi dil kimi elan edib. Qüdrətli bir hökmdardır. Kitabda necə yazılıbsa, onu bilirəm.

– Azərbaycan tarixini sırf imtahanda uğur əldə etmək üçün oxuyurdun, yoxsa sənə maraqlı idi?

– Təbii, hər bir gənc öz xalqının tarixini bilməlidir. İmtahandan sonra da tarixi bilməyin müəyyən üstünlükləri var. Ona görə də həm maraqlı idi, həm də lazım olduğu üçün oxuyurdum.

– Osmanlılarla Səfəvilər arasında gedən müharibənin səbəbi nə idi? Bu cür sual testə düşsəydi, necə cavab verəcəkdin?

– Test üçün konkret şeylər var. Döyüşlərin tarixi, səbəbi, nəticəsi, müqavilə varsa, onun şərtləri. Vəssalam!

– Adın Prezident təqaüdçüləri arasındadır. Pulu nəyə xərcləməyi düşünürsən?

– Tələbəyə pul nə üçün lazım olur? Avtobus, metro, bufet, kitab...

– Siqaret, içki...

– İçmirəm və çəkmirəm.

– Dinə münasibətinə görə içmirsən?

– Yox! Sadəcə öz seçimimdir. Bir şey ki mənə ziyanlıdır, onu niyə qəbul edim?

– Abituriyent olduğun vaxtlarda sənin dərs oxumağına mane olan şeylər vardımı?

– Mənə mane olacaq heç bir şey yox idi. Sadəcə, dərslərimlə məşğul idim. Bilirdim ki, imtahan olacaq və imtahanda yüksək nəticə göstərmək lazımdır.

– İngilis dilindən də imtahan vermisən, bundan sonra dillə bağlı biliklərini daha da təkmilləşdirməyi düşünürsənmi?

– Təbii, dili yüksək səviyyədə öyrənmək lazımdır, eyni zamanda ixtisasa da yiyələnmək vacibdir. Belə olan halda dövlətə daha çox yararlı ola bilərsən.

– Hüquqşünas olmaq fikri ağlına hardan gəldi?

– Bunu həm valideynlərim mənə məsləhət gördü, həm də özümün istəyim vardı. Hərənin uşqalıqdan bir arzusu olur və bunun səbəbi izah olunmur.

– Nə üçün müəllim yox, hüquqşünas olmaq istədin?

– Hüquq yaxşı fakültədir. Həm də burada nəyəsə görə yox, savada görə gəlib oturublar. Gələcək üçün də lazımlıdır. Bütün gücümlə çalışacam ki, hüquqşünas kimi fəaliyyət göstərdiyim müddətdə cəmiyyətə yararlı olum.

– Bakı Dövlət Universitetinə qəbul olmamışdan qabaq universitetə gəlib-gedirdin?

– Yox, heç gəlməmişdim.

– Bəs universitet haqqında ilkin təəssüratın necədir?

– Universitet həyatı əladır. Müəllimlərim çox savadlıdır və bizə münasibəti yaxşıdır.

– Universiteti bu cür təsəvvür edirdinmi?

– Təsəvvür etdiyimdən daha yaxşı səviyyədədir.

– Qazandığın uğura görə özünü kimə borclu hiss edirsən?

– Valideynlərimə və müəllimlərimə!

– Müəllimlərə əziyyəti müqabilində pul ödəmisən, bəs niyə özünü onlara borclu bilirsən?

– Müəllimlərim məni təkcə pul xatirinə hazırlaşdırmayıb. Əsl müəllimlər idi. Aylığı verməsəm də, qəbul edərdilər. Səmimi və can yandıran idilər. İmtahanda məndən çox həyəcan keçirirdilər.

– Abituriyent yoldaşların necə nəticə göstərdi?

– Yuxarı da yığan oldu, aşağı da! Amma məndən başqa 700 yığan olmadı.

– Bəs bundan sonra hədəflərin nədir?

– Hədəfim odur ki, hər imtahandan əla qiymətlər alım. Aldığım Prezident təqaüdünə layiq olduğumu bir daha sübut edim. Bu o demək olacaq ki, mən həqiqətən savadlıyam.

– Adətən, abituriyentlərin ən çox vaxtını alan şey futbol oynamaq olur.

– Hərdən uşaqlarla mən də oynayırdım.

– Heç idmanla məşğul olmusan?

– Futbola həvəskar kimi maraq göstərirdim, amma karate ilə uzun müddət – 7 il məşğul olmuşam.

– Uğurların var?

– Qara kəmər sahibiyəm, respublika çempionuyam.

– İndi də davam elətdirisən?

– Yox, hazırlıqlara başlayan kimi idmanı dayandırdım. Əvvəllər professional şəkildə məşğul olurdum. İndi isə ümumiyyətlə karate haqqında düşünmürəm. Həm də məşqlərdə olmadım deyə əvvəl üstün olduqlarım məndən önə keçdilər. İdman, xüsusilə karate elə bir şeydir ki, məşq etməsən, bədən zəifləyir. Ona görə də müntəzəm çalışmaq lazımdır.

– Düşünmürsən ki, karate səni daha irəlilərə aparar, nəinki hüquq sahəsi?

– Təbii ki, elədir. İdmanda əqli yox, fiziki bacarıq lazımdır. Amma yüksək təhsilli hüquqşünas, vətəndaş olmaq daha əziyyətlidir. Və mən də bunu seçdim.

– Heç küçə davaların olub?

– Yox! Mübahisələrim olub, amma dava həddinə gəlib çıxmamışıq. Haqlı olmuşam, sözümü demişəm, vəssalam. Davanı xoşlamıram, amma geri durmağı da sevmərəm. Bir söhbətdə haqlı olandan sonra məhəllədə, məktəbdə, universitetdə də bilirlər ki, bu, necə oğlandır.

– Azərbaycan şairlərindən, yazıçılarından kimlər xoşuna gəlir?

– Hazırlıq müddətində bədii ədəbiyyat oxumağa elə də vaxtım olmayıb, amma ədəbiyyatı fənn kimi keçmişik. Nizami, Füzuli və s. oxumuşam.

– Müasirlərdən tanıdığın yoxdur?

– Anar, Elçin...

– Əkrəm Əylislini də tanıyırsan?

– Hə!

Kəramət Böyükçöl


Müəllif:
loading...