28 Sentyabr 2016 21:26
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib.

İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Teleqraf.com-a bildirib ki, paytaxta yağan güclü yağışla əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin sıxlığı müşahidə edilir. Bu cür hallarda sürücülərdən təmkinli olmaları və avtomobillərini minimum sürətlə idarə etmələri xahiş olunur.
"Bakının Tbilisi prospekti, Bakı-Sumqayıt şossesi, Babək prospekti, aeroport yolunda havanın yağmurlu keçməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məsələn, aeroport yolunda 120 km/saat olan sürət həddi 100 km/saat müəyyən edilib. Hava şəraitindən asılı olmayaraq, yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdırlar. Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirməlidir", - deyə V.Əsədov bildirib.

Onun sözlərinə görə, əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır: "Digər tərəfdən, sürət həddi aşağı salınmalı, ara məsafə daha çox saxlanılmalı, bu cür hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır".

Polis polkovniki əlavə edib ki, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə etməlidirlər.

V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir və hazırda sıxlıq müşahidə edilmir.


Müəllif:

Oxşar xəbərlər