“Turan məfkurəsinin banisi Əli Bəy Hüseynzadənin Türkiyədə yaşayan 95 yaşlı qızı Feyzavər Alpsar təmənnasız olaraq atasından qalan qiymətli rəsmləri, əsərləri, sənədləri, istifadə etdiyi avadanlıqlar və digər əşyaları Azərbaycan dövlətinə hədiyyə edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışışı zamanı millət vəkili Qənirə Paşayeva bildirib. Bu yaxınlarda Türkiyədə səfərdə olduğunu və Feyzavər Alpsarla görüşdüyünü diqqətə çatdıran Q.Paşayeva deyib ki, Azərbaycan dövlətinə hədiyyə edilən sözügedən əşyalar və sənədlərin ölkəmizə gətirilməsi istiqamətində hazırda müvafiq işlər görülür: “Əli bəy Hüseynzadənin dəyərli övladının bu cür addımı yüksək qiymətləndirilir. Çünki o, Əli bəydən qalan hər şeyi məhz onun doğulduğu vətənə bağışladı və biz ona təşəkkür edirik. Hesab edirəm ki, Azərbaycanın dahi övladlarından biri olan Əli bəy Hüseynzadənin İstanbuldakı qəbirüstünün yüksək səviyyədə abadlaşdırılmasına, orada Əli bəyə bir abidənin ucaldılmasına, Azərbaycan və Türkiyə bayraqlarının birlikdə dalğalanmasına böyük ehtiyac var. İnanırm ki, bu məsələ qısa zamanda öz həllini tapacaq. Bu məsələnin tezliklə həllinə çağırıram”.
NEMƏT