Son aylar əhaliyə təbii qazın verilməsində tez-tez fasilələr yaranır. Bu barədə qabaqcadan müvafiq xəbərdarlıq yayılsa da, abonentlər soyuq fəsildə qaz kəsintisini ciddi problem kimi qarşılayırlar.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Teleqraf.com-a bildirib ki, zərurət meydana çıxanda təbii qazın verilişi dayandırılır: “İstehlakçıların qaz təzhizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın tam təmin edilməsi məqsədi ilə vaxtaşırı təmir işləri aparılır. Hər hansı qaz xəttində təhlükə aşkar olunarsa, birliyimiz ora müdaxilə edir.
Başqa məqsədlə qaz kəsintisi barədə məlumatlar düzgün deyil. Hər hansı binadan, evdən təbii qazın verilişində fasilə ilə bağlı məlumat daxil olursa, araşıdrılır və ərazi qazla təchiz edilir”.
İbrahim Kərbalayevin sözlərinə görə, bu gün fevralın 20-də də təbii qaza olan tələbatın təmin edilməsi, qaz sıxmalarının ləğvi, istismar müddəti bitmiş kəmərlərin ayrılması ilə əlaqədar paytaxtın bəzi rayonlarına qaz verilişində məhdudiyyətlər yaranacaq: “Bu gün saat 09:00-dan Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.
Aparılan işlərin Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunda Sarayeva, Qaçaq Nəbi, Cavanşir, M. Hadi, Seyid Əzim Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsində qaz təchizatına təsir göstərməsi də mümkündür. Görülən işlər saat 17.00-a qədər yekunlaşdırılaraq və təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq”.
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovun sözlərinə görə, təbii qaz kəmərləri köhnə təsərrüfatdır: “Ölkədə 6 min kilometrdən çox qaz kəməri, 1 milyon yarım abonent var. Qaz kəmərlərinin işləmə müddəti 33 il olmalıdır, amma kəmərlər var ki, istifadə müddəti çoxdan başa çatıb. Bakının qazlaşdırılması haradasa 1929-1930-cu illərə təsadüf edir. Bu baxımdan, təmir işlərinin görülməsi zəruridir”.
Nüsrət Qasımov deyir ki, təbii qazın verilməsi daima nəzarətdə saxlanmalıdır: “Qazın verilişində fasilə yaranırsa, bunun səbəbi olur. Həmin fasilə müddətində profilaktif yoxlama aparılır, təmir işləri görülür. Bundan əlavə, təzə tiklilər də şəbəkəyə birləşdirmək lazımdır. Qazın verilişini məhdudlaşdırmadan onu etmək mümkün deyil. Qaz yüksək təhlükə mənbəyidir. Daim ona nəzarətdə olunmalıdır”.
İlhamə ƏBÜLFƏT