Azərbaycanda 7 ildir ki, uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verilib.
Teleqraf.com xəbər verir ki, İƏT Gənclər Forumu tərəfindən 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İƏT Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.
DƏ-İKGF-nin əsas məqsədlərindən biri bu proqramı həyata keçirməklə, İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.
Proqramda Bakı Dövlət Universiteti başda olmaqla 15-dən artıq ali məktəbi təmsil edən 500 tələbə arasından seçilmiş 120-dən artıq gənc iştirak edir. İki ay ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərinin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaq.
Qeyd edilən müddət ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən, gənclərdən təşkil olunmuş işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq aprel ayında model oyunlar çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcək. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həlli istiqamətindəki təkliflər öz əksini tapacaqdır.
Ənənəvi olaraq “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”-ində qələbə əldə edən işçi qruplar beynəlxalq sertifikat və xüsusi mükafatlarla təltif olunur, ən aktiv 5 iştirakçı isə İƏT-ə üzv ölkələrdən birində keçiriləcək “Beynəlxalq İƏT Modeli” Qlobal Sammiti yarışmalarına qatılmaq hüququ əldə edəcək. İndiyədək belə Qlobal Sammitlər 2011-2016-cı illər ərzində Türkiyənin İstanbul şəhərində, Rusiya Federasiyası Kazan şəhərində, Malaziya paytaxtı Kuala-lumpurda və İranın Məşhəd şəhərində keçirilib.
Bu il isə yüksək səviyyəli “Beynəlxalq İƏT Modeli” Qlobal Sammitinin əsas sessiyalarından biri IV İslam Həmrəylik oyunları ərəfəsində may ayında Bakıda, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İƏT Gənclər Forumunun (DƏ-İKGF) əməkdaşlığı və bir sıra aparıcı universitetlərin iştirakı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir.
Bu il keçirilən proqram çərçivəsində artıq mühazirə və təlimlər başlamış, təlimlərdə məruzəçi qismində İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Fələstin dövlətinin fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim və başqaları çııxış ediblər. Növbəti təlimlərdə Pakistanın, Malaziyanın, Mərakeşin, Səudiyyə Ərəbistan Krallığının və başqa İƏT ölkələri səfirlərinin, diplomatik nümayəndələrinin, yerli dövlət qurumları ekspertlərinin çıxışları gözlənilir.
Cavad