4 May 2017 15:28
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xədicə İsmayılın Azərbaycan dövləti əleyhinə yazdığı statuslar erməni sosial şəbəkə fəalları tərəfindən yenidən ciddi dəstəklə qarşılanıb.

Publika.az xəbər verir ki, bu dəfə Xədicə İsmayılın jurnalist Azər Həsrətə qarşı yazdığı status erməni bloger və sosial şəbəkə fəalları tərəfindən dərhal diqqətə alınıb.

Konkret olaraq, fəal erməni sosial şəbəkə istifadəçisi Eni Vandaryan özünün tvitter səhifəsində Xədicə İsmayıla dəstək olaraq “Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bu günlərdə İndoneziya səfəri ilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı” deyə status paylaşıb.

Sözügedən status həm ermənilər, həm də Xədicə İsmayıl tərəfindən bəyənilib.

Sözügedən məsələ Azərbaycanın ayrı-ayrı media rəhbərləri tərəfindən də etirazla qarşılanıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Hikmət Babaoğlu Publika.az-a bildirib ki, hansısa azərbaycanlı jurnalistin Azərbaycan dövlətinə qarşı düşmən və qərəzli mövqeyi, fikirləri ermənilər tərəfində təqdir olunursa, sosial şəbəkələrdə paylaşılırsa, deməli, biz bu məsələdə tam haqlıyıq:

“Bu baxımdan da erməni sosial şəbəkə fəallarından biri olan Eni Vandaryanın Xədicə İsmayılın fikirlərinə dəstək paylaşımı əslində bu şəbəkənin ifşa olunmasına xidmət edən haldır. Bununla bir daha təsdiq olunur ki, uzun illərdir Azərbaycan mətbuatında və QHT sahəsində fəaliyyət göstərən bəzi şəxslər dövlətimizə və xalqımıza, milli maraqlarımıza qarşıdırlar, ermənilərlə əməkdaşlıq edirlər. Biz bunun əyani sübutunu Xədicə İsmayılla Eni Vandaryanın timsalında görürük. Bütün bunların arxasında isə Azərbaycana qarşı olan islamafob mərkəzlər dayanır. Ona görə də düşünürəm ki, bu kimi məsələlər Azərbaycan mediasının diqqət mərkəzində daim aktual olmalıdır”.

Deputat qeyd edib ki, transmilli media və sosial şəbəkələr əksər hallarda Qərb imperializminin siyasətini həyata keçirən vasitələr kimi yanaşmaq lazımdır:

“Qlobal informasiya məkanında imperializmə xidmət etməyən vətənpərvər şəxslər hər zaman boğulub. Buradan da bəlli olur ki, milli dövlətlər içərisində xüsusi informasiya şəbəkəsi formalaşdırmağa çalışan islamafob mərkəzlər bəzi hallarda istəklərinə nail olurlar. Bununla da onlar sosial şəbəkələrdən milli dövlətlərə qarşı effektiv silah kimi istifadə edirlər. Ona görə də biz deyəndə ki, Azərbaycanda bəzi müxalif düşüncəli şəxslər bir sıra hallarda eyni mərkəzlərdən idarə olunan və Azərbaycana qarşı düşmənçilik edən qüvvələr kimi çıxış edirlər, heç də yanılmırıq”.

“Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə deyib ki, Eni Vandaryan sosial şəbəkələrdə mövcud olan anti-Azərbaycan şəbəkəsinin çox fəal nümayəndələrindən biridir:

“Eni Vandaryan tez-tez paylaşdığı yazılara məni də tağ edir. Ona görə də mən onu virtual olaraq yaxşı tanıyıram. Ümumiyyətlə, indi tvitterdə çox güclü anti-Azərbaycan şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin fəal üzvləri arasında həm ermənilər, həm də Xədicə İsmayıl, Arzu Qeybulla kimi “azərbaycanlılar” da var. Tvitterdə erməni şəbəkəsi çox güclüdür. Ermənilər bu sosial şəbəkədə Azərbaycan əleyhinə çox fəal çalışırlar. Hətta, onlar bu işlərə görə xüsusi olaraq pul alırlar. Yəni, ermənilər tvitterdə Azərbaycan əleyhinə kampaniyalar aparmağa iş kimi baxırlar. Onlar buradan pul qazanırlar. Bu baxımdan da Eni Vandaryanın Xədicə İsmayılı müdafiə etməsi mənə təəccüblü deyil. Mən son iki ildir ki, Eni Vandaryanı izləyirəm. Bu müddət ərzində şahid oldum ki, Eni Vandaryanın ən çox məşğul olduğu iş məhz Xədicə İsmayılı müdafiə etmək və Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmaqdır”.

Baş redaktor sosial şəbəkələrdə Azərbaycan əleyhinə aparılan kampaniyalarda bəzi azərbaycanlıların ermənilərlə sıx əməkdaşlıq etdiyini söyləyib:

“Həqiqətən də bir sıra şəxslər var ki, onlar sosial şəbəkələrdə, xüsusilə də tvitterdə Azərbaycan əleyhinə aparılan kampaniyalarda ermənilərlə sıx əməkdaşlıq edirlər. Bunların arasında Xədicə İsmayıl, Həbib Müntəzir, Cavid Ağa, Arzu Qeybulla və digər adamlar var. Bu şəxslər ermənilərlə Azərbaycan əleyhinə çox sıx əməkdaşlıq edirlər. Mən dəqiq deyə bilmərəm ki, Azərbaycanda mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq bu insanlar məsuliyyətə cəlb ediləcəklər, yoxsa yox! Ancaq mənəvi baxımından mən bu adamları azərbaycanlı saymıram. Ən azı onların buna haqqı çatmır”.

Xatırladaq ki, 3 May Dünya Mətbuat Azadlığı günündə məşhur əl-Cəzirə TV-nin ingilisdilli saytında Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib.

Məqalədə Xədicə İsmayıl Azərbaycan hökumətini tənqid edib.

Bunun ardınca saytda Azər Həsrətin "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş yazısı dərc edilib. Əl-Cəzirə hər iki yazını fərqli mövqe kimi yayımlayıb.

Azər Həsrət isə yazısında, Azərbaycanda medianın durumu ilə bağlı Xədicə İsmayıldan fərqli mövqe ilə çıxış edib.

Maraqlıdır ki, Xədicə İsmayılın bu reaksiyası ermənilər tərəfindən dərhal diqqətə alınıb və onların ən fəallarından olan Eni Vandaryan adlı tvitter istifadəçisi belə bir paylaşım edib: "Azərbaycan hakimiyyətinə loyallığının əvəzində bugünlərdə İndoneziya səfəri ilə mükafatlandırılan rejim tərəfdarı - qulluqçusu Azər Həsrətin yazısı".


Müəllif:

Oxşar xəbərlər