Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hesabat dövründə DMNX tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 1 mln. 489,4 min manat vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə, 1 mln. 200,4 min manatının nəzarət obyektlərinin bank hesablarına və kassalarına nağd qaydada ödənilməklə, 69,4 min manatının isə malgöndərən və podratçı təşkilatlara olan kreditor borcların azaldılması yolu ilə bərpası təmin edilib, 6 büdcə təşkilatında aparılmış yoxlamalarla aşkar edilmiş 1 mln. 762,9 min manat məbləğində nöqsanların ciddiliyini nəzərə alaraq həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilmiş, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 55,1 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.
Hesabat dövründə aparılmış yoxlamalarla İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi müəyyən edilməklə ümumilikdə 107,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş 4 büdcə təşkilatı üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər inzibati xətalara yol verməsi müəyyən edilən vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq Baş Prokurorluğun Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına göndərilib.
Yuxarıda göstərilənlərlə bərabər, qurumun mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına əsasən 5 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb və cəmi 169 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Hesabat dövründə, həmçinin, Baş Prokurorluğun məktubları ilə baxılması üçün Maliyyə Nazirliyinə göndərilmiş müraciətlər üzrə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında, eləcə də DMNX-ya daxil olmuş müraciət üzrə Neftçala Rayon İcra Hakimiyyətinin Neftçala Rayon Kommunal Müəssisələri Kombinatında araşdırmalar aparılıb və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib, habelə aşkar edilmiş nöqsanlar üzrə müvafiq tədbirlər görülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktubla məlumat verilib.
2017-ci ilin I yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları"na uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 321 vəzifəli şəxsə 258,3 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.