11 Avqust 2017 12:41
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daim müvafiq tədbirlər həyata keçirir, qəzalı binaların davamlı monitorinqini aparır.

Belə binaların sakinləri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda, müvafiq tədbirlər görməyə imkan yaradır. Son bir neçə il ərzində İçərişəhərdə 80-ə qədər qəzalı vəziyyətdə olan binaların qəzalılıq vəziyyəti qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən İçərişəhərin bir qrup sakini tərəfindən prezident İlham Əliyevə ünvanlanmış məktuba cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, İçərişəhərin 2-ci Kiçik Qala döngəsi, ev 8 ünvanında yerləşən binada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin icazəsi ilə təhlükəli tikinti işlərinin aparılması və nəticədə ətrafdakı binalara zərər vurulması barədə həqiqətə uyğun olmayan, qeyri-dəqiq informasiya yer alıb.

Sözügedən ünvanda yerləşən ikimərtəbəli binada da İdarə tərəfindən dəfələrlə monitorinqlər aparılıb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın damındakı yüngül konstruksiyadan ibarət olan mansardın mövcud layihəyə, tikinti norma və qaydalarına, eləcə də standartlara uyğunluğu barədə rəsmi rəy təqdim olunub.

Həmin rəy binada yüngül konstruksiyalı mansardın heç bir təhlükə yaratmadığını təsdiq edən müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəddir. Bu barədə müvafiq məlumatlar idarə tərəfindən sorğulara cavab olaraq məktubla müraciət etmiş sakinlərə dəfələrlə rəsmi olaraq çatdırılıb.

Məktuba imzası olan sakinlərin əksəriyyəti müraciətdə qeyd edilənlərdən tam xəbərsiz olduqlarını və məsələ ilə əlaqədar idarəyə qarşı iradlarının olmadıqlarını söyləyiblər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər