Bir neçə il öncə Təbriz şəhəri ilə qardaşlaşan Tatarıstanın paytaxı Kazan şəhərindəki parklardan birinə Təbriz adı verilib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin rəisi Mir Etimad İmadi bildirib.
O qeyd edib ki, Təbriz və Kazan arasında imzalanan protokola görə, hər iki şəhərin rəhbərliyi bir münasib parkı digər şəhərin adı ilə adlandırmalı idi: “Kazan Bələdiyyə İdarəsi artıq protokola əməl edib və yaşıllaşdırma və inşaat işlərinin son günlərdə tamamlandığı bir parka Təbriz adı verilib. Təbriz və Kazan qardaş şəhərlərdir. Bu iki şəhərə son illərdə qarşılıqlı səfərlər təşkil olunub”.
Mir Etimad İmadi Kazanda Təbriz parkının olmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib. “Gələn il Rusiyada Dünya Kuboku yarışları keçiriləcək. Ona görə də Kazan dünyanın müxtəlif ölkələrindən turist qəbul edəcək. Təbriz isə 2018-ci il üçün islam ölkələrinin turizm paytaxtı seçilib. Belə bir vaxtda Kazanda Təbriz adına park olması önəmli məsələdir”, – Mir Etimad İmadi deyib.
Təbriz Bələdiyyə İdarəsinin Beynəlxalq və İctimai Əlaqələr Şöbəsinin rəisi yaxın gələcəkdə Təbrizdə də Kazan adında park olacağını diqqətə çatdırıb.
Məlumata görə, Təbriz parkı Tatarıstan paytaxtının Vastaliya və Dekabristov xiyabanlarının kəsişməsində yerləşir.
Qeyd edək ki, Kazan türk dünyasının önəmli şəhərləri sırasındadır.