Bu gün Azərbaycan mediasının problemi yalnız reketçilik deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında professor, media eksperti Qulu Məhərrəmli “reket media ilə mübarizədə konkret təkliflər” mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, mahiyyət etibarı ilə reket jurnalistikası və mediası deyilən bir şey yoxdur:
“Bu sahədə ad çıxartmış saytlar, qəzetlər var ki, onların birbaşa jurnalistikaya heç bir aidiyyəti yoxdur. Reketliklə bəzən polis, vergi işçisi və başqa orqanların işçisi adıyla başqa insanlar da məşğul olur. Ancaq biz heç vaxt “reket polis”, “reket vergi işçisi” və s. demirik. Bu, jurnalistikanın problemi deyil. Azərbaycan jurnalistikasının ciddi problemləri var. Bunlar peşəkarlıq, cəmiyyəti doğru-dürüst əks elətdirmək problemidir. Araşdırma azdır və ya yoxdur. Reketin əsas məqsədi kimisə pul qopartmaq məqsədi ilə qorxutmaq, şantaj etməkdir. Hesab edirəm ki, reketçiliklə Mətbuat Şurası yox, hüquq-mühafizə orqanları məşğul olmalıdır. Çünki bu, ictimai davranışa zidd olan hərəkətdir. Biz jurnalistin etik qaydalarını müdafiə etməliyik. Yazılan məlumat doğru, dürüst olmalıdır. Bu nöqtədən yanaşanda jurnalistin reketçiliklə məşğul olması absurddur. Əgər məşğul olursa, o, jurnalist deyil. Ona görə də bu məsələdə həssas olmaq lazımdır”.
Qeyd edək ki, Mətbuat Şurası “Reket jurnalistlər”ə qarşı effektiv mübarizə aparmaq üçün hərəkətə keçib.