30 Noyabr 2017 09:33
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə uşaq və yeniyetmələrin təhlükəli informasiyalardan qorunması ciddi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanlarının bu tip məsələlərə, yəni internet resurslarında uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə daha ciddi diqqət yetirməsi doğru olar.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, hazırda uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir edən xeyli internet informasiya resursları var:

"Bununla bağlı monitorinqlərin aparılması və bu monitorinqlərin nəticələrinin açıqlanması düzgün olardı. İnternet provayderlərə uşaq və yeniyetmələrə ziyanlı məlumatlarla bağlı xəbərdarlıq edilməlidir və bu saytların bağlanması üçün məhkəməyə, aidiyyatı qurumlara müraciət olunmalıdır".

O.Gündüz həmçinin sosial şəbəkələrdə uşaq və yeniyetmələrlə bağlı baş verən mənfi hallara da münasibət bildirib.

O qeyd edib ki, bu şəbəkələr xarici informasiya resurslarıdır: "Təbbi ki, orada fərdi bloklama məsələləri problem yaratdığından daha çox maarifləndirmə işlərinə üstünlük verilməlidir. Bu istiqamətdə komlpeks işlər aparılmalıdır. Yəni valideynlər, məktəb, ictimaiyyət, medianın üzərinə burada ciddi iş düşür. Hökumət özü də bu cür qlobal resursların sahibləri ilə əməkdaşlıq etməlidir, çünki burada müəyyən addımların atılması zəruridir. Onların Azərbaycanda ofisləri açılmalıdır, serverləri bura gətirilməlidir, yəni əməkdaşlıq, maarifləndirmə daha düzgün istiqamətdir".

Azyaşlıların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması məsələsinə gəlincə, O.Gündüz qeyd edib ki, bir sıra sosial şəbəkələr girişə yaş məhdudiyyəti qoysa da, bunu tənzimləmək mümkün deyil: "Məsələn, Feysbuk13 yaşdan aşağı uşaqların şəbəkəyə girişinə icazə vermir, lakin istifadəçi yaşını artıq göstərərək daxil olur. Buna sosial şəbəkələr nəzarət edə bilmirlər. Ona görə də bu istiqamətdə valideyn, məktəb, cəmiyyət maarifləndirmə işləri aparmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər