Dekabrın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasim dahi rəhbərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Daha sonra Akademiyanın rəhbərliyi, müəllim, tələbə və müdavimlər ulu öndərin həyat və fəaliyyəti, xalqımızın tarixindəki müstəsna rolu barədə məruzələrlə çıxış ediblər. Çıxışlarda bildirilib ki, dahi rəhbər Heydər Əliyev hələ sağlığında azərbaycançılıq ideyasının yaranıb təşəkkül tapması və gələcək nəsillərə ötürülməsi, ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, mədəniyyətimizin təbliği istqamətində gördüyü işlərlə canlı əfsanəyə çevrilib. Hələ keçmiş SSRİ dövründən başlayaraq ixtisaslı kadrların yetişdirilməsi məqsədilə gənclərin xaricdə təhsil alması istiqamətində atdığı addımlar, iri sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət Azərbaycanın ittifaq miqyasında ən güclü respublikalardan birinə çevrilməsinə şərait yaradıb.
Mərasimdə o da qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Azərbaycanı demokratik dəyərlərə əsaslanan müstəqil, sivil dövlət kimi formalaşdırdı, beynəlxalq arenada söz sahibinə çevirdi. Qısa zaman kəsiyində regionun lider dövlətinə çevrilən, beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edən, multikulturalist dəyərləri ilə dünya dövlətlərinə nümunə olan Azərbaycan Respublikasının məhz ulu öndərin əsəri olduğu vurğulanıb.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan gömrük orqanlarının da məhz ulu öndərin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində mühüm dövlət təsisatlarından birinə çevrildiyi bildirilib, ölkəmizin gömrük orqanları və onun əməkdaşlarının daim ulu öndərin müqəddəs ideyalarının sadiq daşıyıcıları olacağı diqqətə çatdırılıb.
Mərasimdə o da vurğulanıb ki, ümummilli liderin ideyaları, onun müstəqil Azərbaycanın gələcəyinə gedən yolda atdığı qətiyyətli addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dahi rəhbərin layiqli davamçısının həyata keçirdiyi davamlı inkişaf strategiası xalqımızın işıqlı gələcəyinin təminatçısıdır.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.