“Xidmətdən hardasa 1 aydır gəlmişəm, lazım gəlsə, yenə gedərəm”
Cəbhə bölgəsində gərginliyin artması, ordumuzun şəhidlər verməsi müharibə başlaması ilə bağlı ehtimalları gündəmə gətirib.
İctimaiyyət fəalları, ziyalılar, millət vəkilləri Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün məqamın yetişdiyini bəyan edərək, hər kəsi müharibəyə hazır olmağa səsləyirlər.
Editor.az ölkə jurnalistlərinə “Müharibə başlasa, iştirak edəcəksinizmi” sualı ilə müraciət edib.
Sənan Nəcəfov (Qhtxeber.az portalı):
Populizm var deyə belə suallara cavab vermirəm. Ümumiyyətlə isə Azərbaycanda Ordu artıq bir sistemdir. Burada hərbi birləşmələr sərhəddin hər nöqtəsinə, xalqın hər fərdinin təhlükəsizliyinə əsasən qurulub. Müharibə başladı, başlamadı, bu sistem işləyir. Azərbaycan Silahlı qüvvələri öz vəzifəsinin öhdəsindən layqiincə gələcək durumdadır. Qaldı mənə. Mən N saylı hərbi hissədə tağım komandiri olmuşam. Ehtiyatda olan zabitəm, rütbəm baş leytenantdır. Mənim növbəm çatacaqsa, çağırılacağım təqdirə heç şübhəsiz zabit mundiri əynimdə olacaq. Amma mənə ehtiyac olmayacağını fikirləşirəm. Çünki bu müharibə az müddətli olacaq. Bizim döyüşə girməyimizə vaxt çatmayacaq. Azərbaycan Ordusu bizsiz qələbəni qazanacaq. Buna görə həm sevinir, həm də kədərlənirəm.
Niyaz Niftiyev (Azadinform.az portalı):
Mən ehtiyyatda olan zabitəm. Müharibə başlasa, əlbəttə ki, iştirak edəcəm. Bu məsələ ümumiyyətlə müzakirə mövzusu ola bilməz.
Zahir Əzəmət (Ann.az portalı):
Ümumi səfərbərlik olanda heç kimdən gedib-getmədiyini soruşmurlar ki. Yaşımız düşsə, yəqin ki, məni də aparacaqlar.
Dilqəm Əhməd ( “Gündəlik Teleqraf” qəzeti ):
Mən müharibəyə qarşıyam, müharibənin olmasını istəmirəm. Zira, müharibə olsa, biz istədik istəmədik hərbiyə gedəcəyik. Könüllü şəkildə isə gərək öncə hazırlqıdan keçək.
Zaur Rəsulzadə (Virtualaz.org portalı):
Mən birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Əlbəttə, müharibə başlasa, ikinci Qarabağ müharibəsində də iştirak edəcəm. Mən balalarımı güclü və qüdrətli Azərbaycanda görmək istəyirəm və bunun üçün canımdan da keçməyə hazıram.
Ağa Cəfərli (Kulis.az portalı):
Mən hərbi xidmətdə olmuşam. Yəqin ki, səfərbərlik elan olunsa Müdafiə Nazirliyi hərbi xidmətdə olmuş vətəndaşların da köməyinə ehtiyac duyacaq. Belə bir ehtiyac yaranarsa, qeyd-şərtsiz yenidən orduya qayıdacam.
Anar Əhmədov (Axar.az portalı):
Hərbi xidmətdə olmuşam, az-çox hərbi təcrübəm var. Zərurət yaransa, ehtiyac bilsələr, yenidən orduya qayıda, müharibədə iştirak edə bilərəm.
Elçin Cəlilov (Futbolpress.az portalı):
Gedərəm. Mən idman jurnalistiyəm. Ancaq təlimat görüb, hərbi jurnalist kimi iştirak edərəm. 29 yaşımdayam. Deməli, döyüşməyə hazır əsgərəm. Hər halda, mənim qarşımda döyüşə çıxan düşmən varsa, başqa variant axtarmağın mənası yoxdu, mən heç nəyi nəzərə almadan, birbaşa döyüşə getməliyəm.
Əlişir Əhəd (Tia.az portalı):
İlk öncə xatırladım ki mən özüm cəhbə bölgəsində, ermənilərlə təmas xəttində qulluq etmişəm. Və hərbi xidmətdə olduğum zaman 21 əsgər yoldaşım, 1 komandirim dünyasını dəyişib, 6 əsgər yoldaşım da müxtəlif bədən xəsarətləri alıb. Məhz buna görə mənim qətiyyən müharibə qorxum yoxdur. Düşünürəm ki, müharibə başladığı an rəhbərlik etdiyim Tribuna İnformasiya Agentliyinin fəaliyyətinə xitam verib, döyüşə yollanacam.
Cəfər Cəfərov (Xalq.az portalı):
Müharibə uşaq vaxtı oynadığımız oyun deyil. Müharibə heç sosial şəbəkələrdə boğazdan yuxarı “qəhramanlıq” etməkdə deyil. Müharibədə əziyyət var, yaralanmaq var, əlil olmaq var, şəhid olmaq var. Həqiqəti deyəcəm, hazırkı ailə vəziyyətim müharibəyə əsgər kimi getməyimə imkan vermir. Arxa cəbhədə vətənim üçün daha çox səmərəli ola biləcəyimi düşünürəm.
Ozal İbrahimli (Azxeber.com portalı):
Xidmətdən hardasa 1 aydır gəlmişəm. Baxmayaraq ki, hərbi xidməti yenicə bitirmişəm, lazım gəlsə, yenidən hərbiyə qayıda bilərəm. Müharibə başlasa, canla-başla döyüşməyə hazıram.
Məzahir Heydərli (Xeberim.az portalı):
Vətənini sevən gənc olaraq Ali Baş Komandanın əmrini gözləyirəm. Əmr verilən kimi, orduya qatılmağa, canımdan da keçməyə hazıram.
Hüseyn Mehdiyev (Editor.az portalı):
Biz vətənimiz üçün doğulmuşuq. Vətən çağırsa, mütləq orduya qayıdarıq. Müharibədə iştiraka da hazıram, torpaq uğrunda ölməyə də.