10:20
Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, məhkəmələrə göndərilən 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Kamran Əliyev bildirib ki, ötən il korrupsiya cinayətləri ilə bağlı ziyanın ödənilməsi üçün 15 milyon manatlıq əmlaka həbs qoyulub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib:
"Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb".
Kamran Əliyevin sözlərinə görə, 2017-ci ildə il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib:
"Ötən il 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Araşdırmalar nəticəsində yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub".
Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub:
"2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 23 cinayət işi başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulan hüquqları bərpa edilərək aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.
Kamran Əliyev qeyd edib ki, korrupsiyada ittiham olunan 44 nəfər axtarışa verilib, onlardan 34-ü İnterpol xətti ilə axtarılır.
İdarə rəisinin sözlərinə görə, 2017-ci il ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 5, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında 22 cinayət işi başlanılıb.
Kamran Əliyev bildirib ki, ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb: “Onlardan 7 nəfəri idarəyə dəvət edilərək, xəbərdarlıq olunub, qalan 20 nəfər barəsində isə iş məhkəmələrə göndərilib, inzibati cəza tədbirləri görülüb”.
Kamran Əliyev qeyd edib ki, hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 cinayət işi istintaq olunur, onlardan 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır.
O qeyd edib ki, ikinci sırada isə tikinti sektroru dayanır: “Ötən il tikinti sektoru ilə müraciətlər azlasa da, təəssüflər olsun ki, bu hallar qalmaqdadır. Üçüncü sırada isə vergidənyayınma və social ödənişlərin ödənilməməsi ilə bağlıdır. Bu istiqamətdə işlərimiz davam etdirilir”.