Xəbər verdiyimiz kimi Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.
Teleqraf.com yeni şöbə müdirinin bioqrafiyasını oxucuların diqqətinə çatdırır.
Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Atası və anası müəllim işləyiblər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal-hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Hollandiya, Qazaxıstan, Gürcvüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 2002-2005-ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistrlara dərs deyib. Tədris və tədqiqat sahəsinə aid ABŞ-ın və bir neçə Avropa ölkələrinin təsis etdiyi qrantlara layiq görülüb.