Kredit götürən şəxs dünyasını dəyişərsə, onun borclarını vərəsələri ödəyir.
Bunu Teleqraf.com-a açıqlamasında hüquqşünas Zaman Səmədov deyib.
Onun sözlərinə görə, vəfat etmiş şəxsin kredit öhdəliyinə xitam verilir: “Bank məhkəməyə müraciət edibsə, ölən şəxsin vərəsələri müəyyən olunana kimi icra dayandırılır. Onlar müəyyən olunandan sonra hüquqi varis kimi məhkəməyə cəlb olunurlar.
Ölən şəxsin adında əmlak varsa, varislər dünyasını dəyişən şəxsin borclarına görə məsuliyyət daşıyırlar”.
Hüquqşünas bildirib ki, vərəsələr ölən şəxsin borcunu tam ödəməli olurlar: “Kredit məbləğinin böyüklüyü və kiçikliyinin heç bir əhəmiyyəti yoxdur. Kredit borcu olan şəxsin öldüyü məlum olanda hüquq standartına xitam verilir. İpoteka yüklü olan kreditlərdə hüququ münasibətlərdə də eyni vəziyyətdir.
Tutaq ki, bir şəxs evini banka girov qoyur və vəfat edir. Onun kredit öhdəliyinə xitam verilir və vərəsələr müəyyənləşir. Məsələn, 1 milyon dəyərində ev girov qoyulub, amma borc cəmi 100 mindir. Məhkəmə qətnamə çıxarır ki, borc ipoteka kreditinə yönəlsin. Ev hərraca çıxarılır və satılır. Bankın borcu ödənilir və yerdə qalanlar vərəsəyə çatır”.
Zaman Səmədov qeyd edib ki, dünyasını dəyişən şəxsin varisi yoxdursa, icra həmişəlik dayandırılır: “Vərəsə yoxdursa onun evi, əmlakı varsa, bu halda yeganə vərəsə Azərbaycan dövləti olur. Ev dövlətin mülkiyyətinə keçir və ölənin öhdəliyinə görə dövlət məsuliyyət danışır”.
Vəkil Xəyal Bəşirovunn sözlərinə görə, kredit müqaviləsi üzrə borclu olan şəxs ölübsə, ondan miras olaraq heç bir əmlak qalmadıqda müqaviləyə xitam verilir: “Onu da qeyd edim ki, ailə üzvləri vəfat edən şəxsin öhdəliklərinə və kredit müqaviləsi üzrə borclarına görə məsuliyyət daşımırlar. Amma ölən şəxsin hər hansı əmlakı miras qalıbsa, həmin mirasın sahibi olacaq varis əmlakın dəyəri həcmində məsuliyyət daşıyır.
Məsələn, ölən şəxsin 5000 manat borcu var, amma vərəsəsinə 2000 manat dəyərində əmlak miras qalıb. Bu zaman vərəsədən həmin pulun 2000 manatını ödəmək tələb olunur”.
Vəkil qeyd edib ki, bu, bütün kredit borclarına aiddir.