Bu qanun layihəsi son dərəcə vacibdir. Hadı müəllim əlilliyinin azalmasında xüsusi rolu olan profilaktik tədbirləri qeyd etdi. Lakin hesab edirəm ki, bu göstəricinin azalması daha çox iki il əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki dəyişikliklərlə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda bu göstəricinin artımaması əlillərin hüquqlarının tanınmaması ilə əlaqələndirildi: "Ancaq son iki ildə tibbi komissiyada bu məsələ həllini tapdı”.
Millət vəkili qanunla bağlı təkliflərini də səsləndirib. O, layihəyə uşaq əlillərin bütün müəssisələrdə müalicəsinin pulsuz olması barədə maddənin əlavə edilməli olduğunu bildirib:
“Bununla yanaşı ölkəmizdə ictimai nəqliyyat, təhsil sahəsində də əlillərin üzləşdiyi problemlər həll edilməlidir. Bəzi ictimai nəqliyyat növlərinin ləğv edilməsi əlillərin işini çətinləşdirib. Bakıda metro tikintisi ləng gedir, bu, həm də dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin azalması ilə bağlıdır. Millət vəkili olduğum Sabunçu rayonunun Bakıxanov qəsəbəsində uzun illərdir metro tikintisi gündəmdə olsa da, hələ də bu məsələ yarımçıq qalır. Metro tikintisi hələ bir neçə il gecikəcək ki, bu da əlillərin işini çətinləşdirir. Əlillərin metroya daxil olması bu gün ciddi problemdir. Bəzi keçidlərdə bir neçə qatlı pilləkənlərdir, yolun ortasında isə betonlar yerləşdirilib. Əlillər haradan keçməlidir? Eşitmə qabiliyyətində çətinlik yaşayan əlillər üçün dövlət büdcəsindən maliyyələşən surdotərcüməçilər olmalıdır”.