BMT tövsiyə edir ki, Azərbaycan bərpa olunan enerjinin istehsalı üçün ləvazimatlar elə ölkə daxilində istehsal olunsun. Çünki Azərbaycanın külək və Günəş enerjisi istehsalı potensialı var.
Teleqraf.com xəbər verir ki, bu sözləri BMT İnkişaf Proqramının baş məsləhətçisi və MAPS proqramının (İnkişaf, sürətləndirmə və siyasət dəstəyi) müəllifi Ben Sley deyib.
Baş məsləhətçi Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramında iştirakının ümumi hesabatını verib:
“Azərbaycan 2015-ci ilin sentyabrında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) proqramına qoşuldu və onun prinsiplərini qəbul etdi. DİM-in 17 əsas məqsədi “heç kim diqqətdən kənarda qalmamalıdır” kimi vahid prinsip, daha doğrusu, şüarı əsasında həyata keçirilir. Artıq BMT-nin DİM proqramı 25 ölkədə tətbiq edilir. Azərbaycanda 2015-ci ildən başlayan bu proses 2018-ci ildə də davam edir.
Azərbaycanda DİM çərçivəsində, əsasən, inklüziv inkişaf, əmək bazarlarının artırılması və sosial vəziyyətin yaxşılaşdırılması mövzularına özəl diqqət yetiririk. Qeyd etmək istəyirəm ki, Azərbaycanın ilk sıralarda qoşulduğu bu proqrama YUNİCEF, Beynəlxalq Əmək Təşkilatı, FAO təşkilatı kimi qurumlar da dəstək verir. İstərdik ki, Azərbaycan bundan sonra azad yol xərtiəsini tərtib etsin və daha sonra bu təcrübəsini başqa ölkələrlə bölüşsün.
Bu ilin sentyabr ayında DİM-in regional müşavirəsi keçiriləcək. Biz çalışacağıq ki, proqramın digər üzv ölkələri məhz “Bakı prinsipləri”ndən nümunə götürsünlər. DİM-in bundan sonrakı məqsədi isə 2030-cu ilə qədər hər ölkənin milli Dayanıqlı İnkişaf Məqsədi olsun.
Statistikaya əsasən, Azərbaycanda qadınların və gənclərin Dayanıqlı İnkişaf Məqsədlərindən faydalanmasına daha çox ehtiyac duyulur. Arzu edirik ki, bu gün əmək bazarına çıxışı olmayan 23% savadlı gənc kadr öz yolunu tapa bilsin.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Paris Sülh Müqaviləsinin prinsiplərinə əməl etməyə çalışır. Bu çərçivədə sülh müqaviləsinə uyğun olaraq bərpa olunan enerji mənbələri sahəsində işlər aparır. Ölkədə neft və qaz platforması iqtisadiyyatın özəyini təşkil edir.
BMT isə tövsiyə edir ki, Azərbaycan bərpa olunan enerjinin istehsalı üçün lazımi ləvazimatlar elə ölkə daxilində istehsal olunsun. Çünki Azərbaycanın külək və Günəş enerjisi istehsalı potensialı var. Biz də tövsiyə edirik ki, Azərbaycan neftdən çox, külək və Günəş enerjisinə üstünlük versin, yeni su elektrik stansiyaları tikilsin.
Əmin edirəm ki, bu inkişaf manatın məzənnəsinə də müsbət təsir göstərəcək. Həmçinin, DİM-in əsas məqsədlərindən olan işsizliyin azaldılması məsələsi də öz həllini tapacaq”