27 Fevral 2018 19:33
2 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl üzü yanmış bir xanımı makiyaj etməklə çoxlarının, o cümlədən dünyanın ən məşhur simalarından olan ABŞ-ın qlamur ulduzu Paris Hiltonun diqqətini çəkən stilist Anar Ağakişiyev Teleqraf.com-un suallarını cavablandırıb.

- Anar bəy, adətən, stilistlər xarici görünüşü gözəl olan xanımları makiyaj etməyə üstünlük verirlər. Onlardan fərqli olaraq siz üzündə müəyyən qüsüru olan, yaxud yaşlı xanımları makiyaj edirsiniz... Buna səbəb nədir?

- Doğrusu, mən özümə güvənirəm, işimdə də iddialıyam. Həmkarlarım arasında gördüyüm işlər öz fərqliliyi ilə seçilir. Necə deyərlər, hər zaman fərqənməyi xoşlayıram. Standart, şablon işləri görəndə stereotipləri dağıtmaq qərarına gəldim və fərqli istiqamətdə işlər gördüm. Yaşlı, üz dərsində problem olan xanımlar bizə özləri məktubla müraciət edirlər. Biz də həmin xanımlar arasında kastinq keçiririk. Müraciətlər içərsində ən problemli dərisi və ya üzündə qırışları çox olan xanımları seçib makiyaj edirəm.

- Üzündə qüsuru olan Nərmin xanımı makiyaj etməniz barədə dünya mediası yazdı, məşhurlar fikir bildirdi...

- Nərmin xanımın makiyaj görüntülərinin dünya mediası tərəfindən yayımlanması xəbərini oxuyanda ilk növbədə qürurlandım. Bu, çox fərqli bir hiss idi. Onları sözlə tam ifadə etməyə çətinlik çəkirəm.

- Nərmin xanım özü sizə müraciət etmişdi?

- Bəli. Mən daha əvvəl dərisində problem olan bir xanımı makiyaj edib, paylaşmışdım. Həmin videonu görəndən sonra Nərmin mənə şəklini yolladı və bildirdi ki, dəyişmək və öz cizgilərini görmək istəyir. Amma şəklini paylaşmağımızla razılaşmırdı. Deyirdi, utanıram... Biz görüşəndə ona izah etdim ki, utanmalı bir şey yoxdur. Sən bir çox insanlara örnək və dəstək ola bilərsən. Şükür Allaha, sağ-salamatsan. İnşallah, hər şey düzələcək.

O, mənə güvəndi və görüntüləri sosial şəbəkələrdə paylaşmağımıza razılaşdı. Tövsiyələrim öz bəhrəsini verdi. Hazırda Nərmin Rusiyada həkimlərlə əlaqə qurub. Yaxın zamanlarda onun üzündə cərrahi əməliyyatın aparılacağı gözlənilir.

- O, makiyajdan sonra ilk dəfə güzgüyə baxanda və dəyişimini görəndə hansı reaksiyanı verdi?

- Bu dərəcədə dəyişəcəyini gözləmirdi... Son nəticə yaxşı mənada onu təəccübləndirdi. Sosial şəbəkələrdə paylaşdığımız görüntülərdə də onun dəyişimdən necə təsirləndiyi hiss olunur.

- Ümumiyyətlə, yaşlı qadınların makiyajdan sonra inanılmaz dəyişimlərini görəndə hansı hissləri keçirirlər?

- Makiyajdan sonrakı görünüşlərinə inana bilmirlər... Təbii ki, son nəticəni görür və şoka düşürlər.

- Siz neçə yaşınızdan makiyaj ustası kimi fəaliyyət göstərirsiniz?

- 18 yaşımdan bu işlə məşğulam.

- Azərbaycanda tez-tez gözəllik salonları açılır, paytaxtda onların sayı az deyil. Sizin Gözəllik Akademiyası hansı xidmətlərə görə fərqlənir?

- Salonumuzda hər bir müştəriyə özəl xidmət göstərilir. Müştərilərimizin rahatlığı üçün bütün imkanlar yaradılıb. Həm salonun özəl interyeri, həm də hər müştərinin obrazına individual yanaşma bizi digərlərindən fərqləndirir.

- Ötən günlərdə xalq artisti Flora Kərimovanı da makiyaj etdiniz... Bu təklif kimdən gəldi?

- Əslində, bu mənim öz ideyamdı. Çoxdan istəyirdim, Flora Kərimovanın stilini dəyişim. Nəhayət, onu makiyaj etdim. Video-paylaşımım sevgililər gününə düşdü. Görüntüləri bu sözlərlə paylaşdım: “Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan, korifey sənətkar və hər birimizin ürəyində taxt-tac quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm“. İşim rəğbətlə qarşılandı. İzləyicilərim videonu bəyəndiklərini yazdılar.

- Anar bəy, bütün insanlar stilini dəyişə bilərmi? Yəni bunu hamıya etmək mümkündürmü? Kiminsə stilini dəyişməkdən imtina edərsizmi?

- Mənə müraciət edən bütün insanların stilini dəyişirəm. Kimdənsə imtina etmirəm. Çünki bunu etməyə ixtiyarım yoxdur. Mən xidmət sahəsində çalışıram və hər kəsin müraciətini yerinə yetirirəm.

- Sizin öz fərqli imiciniz var... Bəs, öz imiciniz və stilinizdə yenidən dəyişlik etmək fikriniz varmı?

- Hazırda mən nə stilimi, nə də imicimi dəyişmək fikrindəyəm... 50 yaşıma çatanda bu haqda fikirləşəcəm.

- Bəs, xanımlar hansı yaş dövründən sonra stillərində dəyişiklik etsələr daha yaxşı olar?

- 40-45 yaşdan sonra dəyişiklik məsləhətdir.

- Bundan sonra hansı məşhuru makiyaj etmək istəyirsiz?

- Onu deyə bilmərəm. Bu sürprizdi...

- Olurmu ki, kişilər imicində dəyişiklik üçün müraciət etsinlər?

- Mən kişi imici və stili ilə məşğul olmuram.

- Bəs, bundan sonra hansı ideyalarınız var?

- Yeni idealarım çoxdu. Onları İnstaqram səhifəmdə görə biləcəksiniz.

- Anar bəy, belə bir xəbərlər yayılıb ki, yaşamaq və işləmək üçün Avropaya köçürsüz. Düzdürmü? Hansı müddətə gedirsiz və burdakı işləriniz necə olacaq?

- Bəli, düz xəbərdir. Avropadan çox gözəl təklif almışam. Bütün media nümayəndələrini dəvət edib, mətbuat konfransı keçirəcəm. Hansı şəhərə getdiyimi, tarixi və neçə illik müqavilə bağladığımı konfransda açıqlayacağam.

- Bu ilin saç stili necədir? Qadınlara nəyi məsləhət görəsiniz?

- Qadınlar mənim sosial şəbəkədəki səhifəmi izləyib, bu ilin həm saç, həm də makiyaj stillərinin necə dəyişəcəyini öyrənə bilərlər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər