Bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların magistraturaya imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən iclasda bildirib.
M.Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim etmişdir.
Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 bakalavr) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməmişdir. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.
M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının 1-ci mərhələsinə dair iş planını da iclas iştirakçılarının diqqətinə çatdıraraq Şura üzvlərini öz istəklərinə uyğun hər hansı tədbirdə iştirak etməyə ( müşahidə etməyə) dəvət etmişdir.