ABŞ-ın Türkiyə, Rusiya və İrana tətbiq etdiyi sanksiyalarda kifayət qədər haqsız məqamlar var. Rusiya ilə məsələ aydındır və bu sanskiyalara Avropa ölkələri də qoşulub. Səbəb birmənalı olaraq Krımın Rusiya tərəfindən ihlaq edilməsidir. Əslində, tətbiq edilən sanksiyalar Rusiyanı çəkdürmədi və gözlənilir ki, Rusiya bu savaşdan qalib çıxacaq. Çünki sanksiyalar nəticəsində iqtisadi və maliyyə boşluqlarını aşkara çıxardı və indi hökumət onların doldurulması ilə məşğuldur.
Teleqraf.com xəbər verir ki, bunu yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.
Partiya sədri qeyd edib ki, İrana və Türkiyəyə tətbiq edilən sanksiya isə heç bir tənqidə dözmür:
“İran “Altılıq” çərçivəsində 2015-ci ildə bağlanmış razılaşmaya əsasən öhdəliklərini yerinə yetirib. Nə yaxşı ki, Avropa Birliyinin müdrik siyasətçiləri sayəsində qoca qitə bu sanksiyalara qoşulmadı. Lakin, əfsuslar ki, qoşulmasa belə iri şirkətlər ABŞ-la kəllə-kəlləyə gəlməmək üçün İranı tərk etməkdə davam edirlər. Bu tip bəlalar hər bir ölkənin başına gələ bilər və Amerikanın tək hegemonluğu dünyanı yenidən ciddi qütbləşməyə sürükləyir.
Qardaş Türkiyəyə tətbiq edilən sanksiyalar, Türk lirəsinin dəyərdən düşməsi bir azərbaycanlı siyasətçi kimi məni çox narahat edir. Türkiyənin yanında olduğumuzu bəyan edirəm. Türkiyə hədə-qorxular qarşısında əyilməyəcək, sınmayacaq”.
Türkiyə, İran və Rusiyanın güclərini birləşdirəcəyini deyən Razi Nurullayev qeyd edib ki, bununla da ABŞ-a qarşı nəhəng bir güc formalaşacaq: “Bu güclər onlarla digər ölkələri də öz ətraflarına yığa biləcəklər. Çünki ABŞ-ın apardığı siyasət inam vəd etmir və artıq çox ölkələr və siyasətçilər ABŞ-a etibar edib-etməmə haqqında ciddi şübhəyə düşüblər”.