Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində arıçılıq məhsullarının 19-cu sərgi-satış məhsullarının yarmarkası fəaliyyətə başlayıb. Respublikanın müxtəlif bölgələrindən arıçılar öz məhsullarını satmaq üçün bura üz tutublar.
Sərgi açılan kimi biz də ora yollandıq.
Yarmarkanın ilk günü olduğu üçün eşidib gələnlər çoxdur. Yarmarkaya daxil olmamış çöldə qurulan Cocuq Mərcanlı bölməsi diqqətimi cəlb edir.
Arıçı Yusif Quliyev deyir ki, biz Türk İşbirliyi ve Koordinasyon Ajansı Başkanlığının (TİKA) dəstəyi ilə Azərbaycanda keçirilmiş digər layihələrlə yanaşı, bu layihədə də Cocuq Mərcanlı balını və digər arıçılıq məhsullarını qablaşdıraraq, bu gün satış yarmarkasına çıxarmışıq: “Bizim qablaşdırdığımız balın markası “Qarabağlı”dır. Bu marka adı altında ümumən ölkə balını qablaşdırlılaraq, ixrac potensialı yaratmağı, satışını təmin etməyi hədəfləyirik”.
Yarmarkaya daxil olan kimi, məni, bal almağa çağıran səslərin arasından bir bölməyə yaxınlaşıram.
Lerik rayonundan gələn arıçı Mirabbas Vəliyev deyir ki, hər il yarmarkaya bal gətirir: “Ballarımızın hamısı laboratoriyada yoxlanılır və satışa buraxılır. Yoxlanmamış balı bura buraxmırlar. Çökə, akasiya, qaratikan balı, çəmən çiçəkləri balı var. Qiymətləri isə 20 manatdan yuxarıdır, elə bal var 40 manata da satırıq, bu, əlbəttə, balın növündən asılıdır”.
Bir alıcı bal almaq üçün sərgidəki arıçıya yanaşır, balı dadandan sonra deyir:
- Acılıq varsa alacam. Əgər boğazımı yandırırsa yaxşı baldır...
- Bu, aldadıcı ola da bilər, elə insanlar var, sırf buna görə bala istiot qatırlar ki, acı olsun.
Alıcı-satıcı bazarlaşması diqqətimi cəlb edir və arıçıya yaxınlaşıram.
Arıçı Elvin Bayramlı deyir ki, daha çox dağ balı, çiçək balları satır: ”Bura gəlməmişdən qabaq balları özüm də bir neçə dəfə yoxlatmışdım, amma burda da yoxlanılıb. Gözümüzün önündə 30 ton bal sərgidən uzaqlaşdırıldı. Burda olan balların hamısı təmizdir, amma təbii ki, keyfiyyətdə az-çox fərq ola bilər. Dadı, rəngi fərqlənsə də, əsas təbii bal olmasıdır”.
Dialoqun şahidi olduğum üçün, düşünürəm ki, Elvin yaxşı balı necə seçməli olduğumu bilər. Deyir ki, insanları aldatmaq üçün bəzi üsullardan istifadə olunur: “Balın təmiz olduğunu isə iki nəfər bilir – arıçı və laborant, başqa heç kimə məlum deyil...”
“Balçı” markası ilə satışı çıxardığı ballar arasında maraqlı qarışıq bir məhsul gördüm ki, arıçı onu “enerji uçuşu” adlandırır: “Tərkibi bal, çiçək tozu, çərəzlər və quru meyvələrdir. Çünki bu, bal və bal məhsullarının yarmarkasıdır, biz belə qarışıqları da satırıq”.
Qadınları hər sahədə görmək, uğurlarına şahidlik etmək sevindiricidir. O ki qaldı arıçılıq, çox çətin və ağır bir işdir. Amma yarmarkada gördüyüm arıçı qadınlar bu ağır işin öhdəsindən gəlirlər.
Gəncədən gələn arıçı Zemfira İmanova deyir ki, yarmarkaya bağ, çiçək, akasiya, siyam balı gətirib: “Pətəkləri Göygöl rayonunda saxlayıram, arını isə dağ-aran gəzdirirəm”.
Arılara özü baxır, qulluq edir və ən yaxşı balı da o tanıyır:
“Qaşıqla süzəndə bal üzülüb geri yığılırsa, o bal təmizdir, yox, saqqız kimi uzanırsa, təmiz deyil. Bir də balı yoxlamaq üçün bir şüşə bankaya bal töküb içinə bir az yod salırsan. Yod yayıldısa, yaxşı baldır, balı suya döndərdisə yaxşı bal deyil”.
Məni yerlipərəstliklə qınamayın, sərgidəki Naxçıvan balı bölməsi hələ uzaqdan diqqətimi çəkir... Dadını bildiyim üçün yaxşı bal olar düşüncəsi ilə Naxçıvanın Babək rayonundan gələn Xəqani Zülfüqarova yaxınlaşıram.
Ata-babası arıçılıqla məşğul olub, bu işi indi də o, davam etdirir: “Pətəkləri səfalı Göynüt kəndində saxlayıram ki, ora arı üçün çox əhəmiyyətli yerdir. Yarmarkaya ancaq çiçək balları çıxarmışam, bizdə bal ancaq avqust ayında süzülür. Hava şəraiti ilə əlaqədar bu il məhsul azdır”.
Arıçı bütün həmkarlarına örnək olası bir məsələyə toxunur: “Arını qışda saxlamaqdan ötrü bir yeşikdə yem üçün bal saxlayırıq. Bura gətirdiyim bal o balın üçdə biridir. Biz azuqə saxlayırıq ki, arı yaza salamat çıxsın, tələf olmasın. Azuqəni götürmək isə haramdır”
Deyir ki, Naxçıvan balı 35-40 manatdır.
Sərgini gəzərkən bir arıçı məni bala qonaq etmək istəyir, alıcı olmadığımı bilsə də: “Qızım, dadına bax” deyir.
Şirin ye, şirin danış deyə fikirləşirəm və yaxınlaşıram. Məhəmməd Abbasov yarmarkaya Balakən rayonundan gəlib. Söhbət zamanı məlum olur ki, adətən, ildə iki dəfə bal süzülsə də, bu il bir dəfə süzüblər:
“Bizim gətirdiyimiz bal çökə, çiçək, qarışıq ballardır. Yarmarka çox gözəl və rahat yerdədir, ümid edirik ki, gətirdiyimizi sata biləcəyik. Qiymətlər də münasibətdir. Alıcı ilə razılaşsaq, qiymətlər dəyişə də bilər...”
Bəs ala bilməyənlər nə edəcək soruşanda isə: “Onlara pay da verərik” deyir.
Elə bilirsiniz, yarmarkada təkcə bal var, əlbəttə, yox. Balaca qablara yığılmış kremlər mənə də maraqlı gəldi. Yarmarkada bunların nə işi var deməyin... Arı südündən hazırlanıb. Afər Əkbərov deyir ki, üzdəki qırışları aparır. İsmayıllı balı satan arıçının başqa məhsulları da var:
“Bu məhsullar vərəmumla spirtin qarışığıdır ki, mədə-bağırsaq, şəkər xəstələri üçün xeyirlidir. Burda ziyan verəcək heç nə yoxdur”.
İlk gün olsa da çoxdan bu yarmarkanı gözləyən və bal almağa tələsən alıcılarla rastlaşıram.
Həyat yoldaşı ilə bal dalınca gələn Vahid Tahirovdan niyə məhz burdan bal aldığını soruşanda, belə cavab verdi: “Hər il bu yarmarkadan bal alıram. Mən balı seçə bilmirəm, öz satıcıma inanıram. Ola bilər, burda daha yaxşı bal var, amma mənim satıcım deyirsə, bu, yaxşı baldır, demək ki, almaq olar. Hər il iki balon bal alıram”.
Burda bir şeyi də öyrənirəm ki, yaxşı bal üçün eyni zamanda yaxşı arıçını da tanımaq lazımdır.
Yarmarkanı tərk edib getmək istəyəndə bir arıçı xanım: “Gəl bal apar, immunitetin güclənsin” deyəndə dayanıram.
Səmərqənd Hüseynova Astaradan gəlib. Dediyinə görə, yarmarka başlayan ilk illərdən hər il paytaxta bal gətirir: “20 ilə yaxındır gəlib-gedirəm. Bizim əslimiz, nəslimiz arıçılıqla məşğul olur. Mənim övladlarım da arıçıdır. Bura təbii ballar gətirmişik. Beçə balı az tapıldığına görə 40 manatdır. Mənim çoxlu müştərilərim var, kim gəlsə endirim də edərəm”.
Artıq qeyd elədiyimiz kimi, yarmarkada alıcılara müxtəlif tərkibli ballar, arıçılıq məhsulları təklif olunur. Qiymətlərsə müxtəlifdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyir ki, əvvəlki illərdə yarmarkalarda standart qiymət tətbiq olunurdu: ”Biz nazirlik olaraq bu siyasətdən imtina etmişik, arıçı necəyə istəsə məhsulunu o qiymətə sata bilər. 20 manata da, 50 manata da bal satanlar var. Ortalama qiymət 25-30 manat civarındadır. Misal üçün, şabalıd balı var ki, həm azdır, həm də tərkibi zəngindir deyə bahadır”.
Heç nə almasan belə burdakı insanların abu-havası, balların ətirli qoxusu və şirin dadı insana xoş təsir bağışlayır. Ayrılarkən damağımda şirin bir dad vardı, səbəbi isə bal yediyim üçün yox, burdakı insanların bölgələrimizə məxsus qonaqpərvərlik və cana yaxınlığından irəli gəlirdi
Bal almaq istəyənlərin nəzərinə çatdıraq ki, yarmarka 30 oktyabra qədər davam edəcək. Təmiz və təbii bal istəyənlər, əməyə qiymət vermək üçün balı burdan alsanız, fikrimcə uduzmazsınız. Nə deyirik, təki bazar olsun...
Arıçılara da, alıcılara da...
Foto:Elnur Muxtar