“Henley & Partners” şirkəti 2018-ci il üzrə Henley pasport indeksini (The Henley Passport Index) açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu indeks viza tələb olunmadan səfər edə bilən ölkələrin sayı əsasında tərtib edilir. Yəni viza olmadan nə qədər çox ölkəyə səfər etmək mümkündürsə, həmin ölkənin pasportu bir o qədər yüksək reytinq qazanır.
İndeksə görə Azərbaycan 99 ölkə arasında Domonikan Respublikası, Filippin və Tunis ilə birgə 75-ci yeri tutub.
İndeksə görə, bizim pasportla 66 ölkəyə vizasız getmək mümkündür. Qonşu Gürcüstan vətəndaşları 112, Ukryana vətəndaşları isə 128 ölkəyə vizasız səfər edirlər. Azərbaycan keçmiş SSRİ ölkələrindən Qırğızıstanı, (78, 63), Ermənistanı (80-ci yer, 61 ölkə), Özbəkistnı (82, 59), Tacikistanı (83, 58), Türkmənistanı (88, 53) qabaqlayır.
Reytinqdə “ən yaxşı” pasport Yaponiyaya məxsusdur. Gündoğar ölkənin vətəndaşları öz pasportları ilə 190 ölkəyə vizasız gedə bilirlər.
Sinqapur vətəndaşları 189, Fransa, Almaniya və Cənubi Koreya vətəndaşları isə 188 ölkəyə viza olmadan səfər etmək hüququna malikdirlər.
Qeyd edək ki, sonuncu, yəni 106-cı yerdə olan Əfqanıstan və İraq pasportu ilə 30 ölkəyə vizasız getmək mümkündür.