13 Noyabr 2018 22:10
1 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com azərbaycanlı zabit Vəli bəy Yadigarın xatirələrinin sonuncu hissəsini təqdim edir:

Əvvəli burada

Baş verən hadisədən 2-3 gün sonra Gəncədən piyada leytenantı Sadıq Vəkilli gəldi. Süvari diviziyası komandanı general Teymur Novruzovdan əmr gətirmişdi. Bu əmrə görə, alayımız gecə hərəkət edərək cəbri yürüşlə Gəncəyə gəlməlidir. Çünki orada iki məşhur generalımız - Cavad ağa Şəkili ilə şahzadə Məhəmməd Mirzə Qacar “Azərbaycan fəhlə və kəndlilərinin israrlı dəvəti”nə görə məmləkətimizə girən “qurtarıcı” rus ordusundan qurtulmaq üçün ciddi hərbi hazırlıqlara başlamışdılar.

Qırmızı rus ordusunu Azərbaycana dəvət edən “Azərbaycan fəhlə və kəndlilərinin nümayəndələri” azərbaycanlı olmayan 3 erməni, 2 rus və 1 gürcüdən ibarətmiş. Əslində, Azərbaycanda gürcü heç yoxdu. Bu həyasızlığa nə demək olar? Təəssüf ki, azad dünya o zaman qırmızı rus imperialistlərinin bu kimi fırıldaqlarına inanırdı. Daha sonra buna bənzər “dəvət edən komitələr” Mərkəzi Avropada da sıx-sıx görünməyə başladı. Azərbaycan faciəsinin üzərindən ancaq 25 il keçdikdən sonra, azad dünya Moskva imperialistlərinin yalan, fitnə və fəsadlarını anlamağa başladılar.

Nəysə. Gəncədən gələn əmri podpolkovnik Tonqiyev gizlətməyə çalışsa da, leytenant Vəkilli bunu yavər Aytek bəyə söyləyib. O da gizlicə mənə bildirdi. Hərəkət etmə xəbəri bizə çatsa da, hərəkətə nə zaman keçilməsinin vacibliyini öyrənə bilməmişdik.

Bu arada yeni bir fəlakət baş verirdi. Xanlığa yeni bir rus piyada alayı göndərilirdi. Məqsədi keçənlərdə baş verən “acınacaqlı anlaşmazlığın” kölgəsini silərək ruslarla Azərbaycan türklərinin arasındakı “dostluq bağlarını” bir daha həyata keçirməkmiş... Bu məqsədlə alayımız dərhal Yayla stansiyasına hərəkət edəcəkmiş.
Həqiqətən də, axşam 5-6 radələrində ferma qülləsindəki növbətçimiz yolda, Tərtər tərəfdən gələn bir qanadı görmüş, bizə bildirmişdi. Mən dərhal birliyimi fermanın giriş qapısının qarşısındakı meşədə gizlətdim, özüm isə fermanı gələnlərə təslim etmək üçün bir manqa başında yolda gözlədim.

Gəldilər. Komandanları mənə müraciət edərək Azərbaycan əsgərlərinə “xoş gəldiniz” xitabını edəcəyini, mənim də bunu türkcəyə çevirməyimi rica etdi. Öz-özümə ürəyimdə “vay namussuz rus” deyirdim. Başqasının məmləkətinə girdikdən başqa bir də o məmləkətin sahiblərinə “xoş gəldiniz” deyəcəkmiş... Nə edəsən... Bu “qırmızı şərq diplomatları” o zamandan bəri həmişə başqalarının məmləkətlərinə girib, yerli xalqa “xoş gəldiniz” deməyə hələ də davam edirlər.

Mən tərcümanlığı qəbul etdim və bu xitabı türkcəyə çevirdim: “Qəhrəman Azərbaycan əsgərləri! Biz qırmızı ruslar sizə hürriyyət gətirdik. Sizləri xanlardan, bəylərdən, ağalardan və zabitlərdən qurtardıq. İndi biz Türkiyənin çürümüş müstəmləkəçilərlə, imperialistlərlə apardığı savaşda ona yardım etmək üçün gedirik”.
Mən bütün deyilənləri olduqca ciddi bir şəkildə türkcəyə çevirərkən əsgərlərim mənə “atasını aldatsın” demək istəyirlərmiş kimi gülümsəyərək göz qırpırdılar.

Bəli, əsgərlərimiz o zaman da rusların necə bir “qurtarıcı” olduqlarını bilirdilər. 20 il sonra ruslar “faşist” Polşanı, ardınca “nasist” Macarıstanı “qurtardılar”. Bugün isə Cənubi Amerikanı “qurtarmağa” çalışırlar.
Mən tərcümə ilə məşğul ikən bir əlin dizimdə dolaşdığını hiss etdim. Atın üzərindən aşağı baxdığım zaman əynində rus hərbi forması olan bir əsgəri gördüm. Siması heç də ruslarınkına bənzəmirdi. Daha çox bizimkilərə oxşayırdı. Ona baxdığımı görüncə mənə xalis azəri türkcəsi ilə kimsə eşitmədən bunları dedi: “A, qadan alım, qaçın, sizləri qırmağa gəldik...”

Mən bir xəyanət gözləyirdim. Lakin bu şəkildə, ani basqınla məhv etməyə çalışacaqlarını təsəvvür də etməmişdim. Xəbərin tam zamanında gəlməsi ulu Tanrının bir lütfü idi.

Bir tərəfdən tərcümə etməyə davam edərkən digər tərəfdən də öncədən qərarlaşdırılmış təhlükə işarətini verdim. Anidən meşənin içindən atəş açıldı. Mərmi saçan iki top “Colt” markalı 4 pulemyot və tüfəngin yaylım atəşi itki vermədən meşədəki dostlarımıza çatma imkanı verdiyi kimi rusları da əritdi.

Hava xeyli qaralmışdı. Yola düşürük. Lakin qırmızıların əmrinə görə Yayla stansiyasına doğru deyil, milli əmr üzərinə Gəncəyə!

Gecənin qaranlığında Yayla-Şuşa şosesinə çıxırıq. Qəfil rusların böyük bir süvari qanadı ilə qarşılaşırıq. Onlar əks istiqaməti təqib edirlər. Rus süvarilərin çox hirsli olduqları görünürdü, dayanmadan tatarlara (azərbaycanlılara) söyürdülər. Gecənin qaranlığında biz də rusca danışaraq tatarlara söyür, sıyrılıb keçirik. Ruslar Gəncə üsyanının başladığından bəhs edirlər.

Sabahın alatoranlığında Yayla stansiyasına 10-12 km qalmış alayımızın Tərdərdəki qisminə çatdıq. Onlar bizi gözləmədən qırmızıların əmrinə itaət edərək hərəkətə keçmişlər.

Zabitlər arasında münaqişə başlayır. Yaylamı, Gəncəmi? Yarım saat qədər münaqişə edirəm. Bizim bölük milli diviziya komandanının əmrinə itaət etməyi doğru hesab edir, alay komandanı Tonqiyev və təəssüf ki, Naxçıvanlı qırmızıların əmrinə itaət etmək qərarındadırlar. Gənc zabitlər və bütün alay bizi dəstəklədi.
Beləcə yollar ayrıldı: Tonqiyev qucağında alay sandığı və Naxçıvanlı at üstündə Yayla stansiyasına doğru yollarına davam etdilər. Alay isə Gəncə yoluna üz tutdu.

Öz generalının əmrinə itaət etməyib qırmızı işğalçıların buyruqları üzərinə Yayla stansiyasına çatan Tonqiyev və Naxçıvanlı Gəncə üsyanını yatırtmağa gedən və o anda stansiyada olan qatardan çölə çıxan rus əsgərləri tərəfindən görülmüşlər, orada da linç edilmişlər.

“Qurtarıcı” ruslara qarşı baş verən ilk Gəncə üsyanı sona çatmışdı. Burada da Azərbaycan əsgərlərinin bariz üstünlüyü görülmüşdü. Orduda itkimiz azdı. Lakin eyni şeyi ruslar söyləyə bilməzdilər. Onların itkiləri: üç piyada alayı ilə bir topçu briqadası. Bu isə heç də az sayılmazdı.

Baş verən üsyanı kəndlilərimizlə əsgərlərimiz başlamışdılar. Sonra zabitlərə müraciət edərək onlara kömək etmələrini tələb etmişdilər. Bu köməyə zabitlər də sevə-sevə qaçdılar və böyük uğurlar göstərdilər.
Millətimiz rusları nə istəmiş, nə də çağırmışdı. Dəvət etmədiyi rus “qurtarıcıları”nı atmaq üçün üsyan qaldırmışdılar. Bu birinci qiyamı daha sonra saysız qiyamlar təqib etdi. Qarabağda, Bakıda, Şəkidə, Şirvanda, xülasə, məmləkətin hər köşəsində.

Qırx ildir millət, qanını həşərat kimi əmən rus işğalçılarını belindən atmağa çalışır. II Dünya müharibəsi dövründə Azərbaycan legionerləri mərhum mayor Əbdürrəhman Fətəlibəylinin komandanlığı altında qəhrəmancasına qırmızı ruslara qarşı savaşdılar, millətin içində qaynayan istiqlal eşqini bir daha bütün dünyaya göstərdilər.

Bugün bizim vəzifəmiz keçmiş xətalarımızı öyrənmək, ziyalılarımızı bu kimi xətalardan çəkinməyə dəvət etməkdir. Keçmiş xətalarımızdan ən başlıcası ziyalılarımız arasında səmimi birliyin mövcud olmaması idi.
Lakin xalqımız üçün eyni şeyi söyləmək olmaz. Çünki xalqımız Azərbaycanı öz şəxsi mənfəətləri üçün deyil, vətənlərinin və millətlərinin mənfəəti üçün sevir.

Gəncəyə etdiyimiz yürüş nisbətən zərərsiz keçmişdi. Şadılı kəndi ilə Gəncə yaxınlığında yerləşən və alman kəndi olan Yelenendorf ətrafında apardığımız müharibələri çıxsaq, burada ancaq bir neçə əsgərimiz şəhid oldu. Bir də müharibə əsnasında əsəb böhranı keçirib intihar edən bakılı leytenant dostumuz Məhəmmədoğlunu itirdik.

Gəncə müharibələri əsnasında yüklü atımın yanında olan Abdullah çavuş əsir düşmüşdü. Çox sonralar Borçalıda olduğum vaxtlarda Abdullah çavuş qəfil gəldi. Çox sevinmişdim. Lakin qoltuğundan bir də ailə Quranımızı çıxarıb mənə uzatdığı zaman sevincim büsbütün artdı. Bu Quran bugün də məni hər cür qəza və bəladan qoruyur. Onu hər zaman yanımda daşıyıram, Allahımın və ailəmin yadigarıdır.

Gəncə üsyanında ulu Tanrım mənə Azərbaycanın üçüncü Şəki süvari alayına komandanlıq etmə şərəfini nəsib etdi. Şah Abbas məscidinə hücum edən “qurtarıcı” rus sürülərini geri oturtmağa qüvvət verdi. Tam 40 il əvvəl, 28 may 1920-ci ildə üstün qüvvələri pərişan etməyə ulu Tanrı bizə kömək etmişdi. Qırmızı canavarların məğlubiyyətini bizə çox görmədi.

Ruslarla bir arada yaşamaq (qurdla quzu hekayəsi!) absurd bir şeydir. Üçüncü dünya müharibəsi mütləq olacaq. Bunu heç kim itəməsə də, Rusiya istəyəcək. O günlərdə Allah bizə milli bayrağımızı yüksək tutmağa kömək etsin. Azərbaycanı, qardaş türk yurdlarını və rus boyunduruğu altında inləyən bütün dövlətləri müstəqilliyə qovuşdursun.

Buenos-Ayres, 1960

P.S. Vəli bəy Yadigarın sonrakı həyatı ilə bağlı “Polkovnik” sənədli filmini izləməyi tövsiyə edirik:

Hazırladı: Dilqəm Əhməd



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər