"2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində bakalavr, magistr, doktorantura təhsili alıb.
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün nazirlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, həmin tələbələrin əksəriyyəti təhsili başa vurub ölkəyə qayıdıb, müxtəlif sahələrdə fəaliyyət göstərirlər: “Apardığımız təhilillər zamanı həmin məzunların 60 faizinin özəl, 40 faizinin dövlət sektorunda fəaliyyət göstərdiyi məlum olub. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarımızın böyük əskəriyyəti əmək fəaliyyəti ilə yanaşı, akademik fəaliyyət də göstərir. ADA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Dövlət İdarəçilik Akademiyasında dövlət proqramının yüzlərlə məzunuı işləyir, pedoqoji fəaliyyətlə məşğul olurlar. Bu da o deməkdir ki, Dövlət Proqramı Azərbaycanın ali təhsil sisteminə tövhə verir”.
Nazir onu da vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəsisələrinin ölkəmizdə filialı açılıb. “Bu müddət ərzində yeni nəsil ali təhsil müəssisələri- ADA Universiteti, Bakı Ali Neft Məktəbi fəaliyyətə başladı. SABAH qrupları da bu proqramın bir hissəsidir. Bu müddət ərzində ölkə iqtisadiyyatı üçün vacib olan ikili diplom proqramları həyata keçirildi. Bu da ölkəmizin təhsil sisteminin beynəlxalq reytinq cədvəllərində yerinə təsir edən məqamlardandır. Bu proqramlar, xaricdə təhsil alan gənclərimizin ölkəyə geri qayıtması təhsil sisteminin inkişafına töhfəsini verəcək”.