“2019-cu il dövlət büdcəsindən səhiyyə sahəsinə böyük məbləğdə vəsait ayrılıb ki, bunun böyük bir hissəsi tibbi sığortanın tətbiqinə sərf olunacaq. Bu, xalqa xidmət üçün nəzərdə tutulub və əhalinin sağlamlığının qorunmasında böyük rol oynayacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, “İcbari tibbi sığorta haqqında” qanun layihəsi çoxdan hazırlanıb və uzun illər müzakirə mövzusu olub:
“2008-ci ildən bu yana sığortanın tətbiqi çətinləşmişdi, əvvəlcə yerlərdə pilot layihələr həyata keçirildi, gələn il bunun kütləviləşməsi nəzərdə tutulub və bununla bağlı müzakirələr aparılır. Burada həkimlərin əmək haqqının artırılması, əhalinin bu xidmətdən, eləcə də dərman vasitələrindən havayı istifadə etməsi məsələləri var və olduqca önəmli addımdır”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın nəinki şəhərlərində, hətta rayonlarının böyük əksəriyyətində müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir:
“Yerlərdə müxtəlif tibb müəssisələri əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilir. İnsanların rahat şəkildə müayinədən keçməsi üçün hər cür şərait yaradılıb. Ölkəmizdə dünyəvi xəstəxanaların olması onu göstərir ki, ölkə rəhbərliyi daim əhalinin qayğısına qalır və bununla əlaqədar daim işlər aparılır”.