Bir sıra radikal müxalifət partiyalarının yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ilə bağlı onun doğulduğu Novxanı kəndində keçirdikləri aksiya, yaxud anım mərasimi əslində Rəsulzadə üçün deyildi. Müxalifətin özünü yenidən cəmiyyətə sırımaq, bir güc olduğunu ortaya qoymaq və dağıdıcılıq missiyasını yerinə yetirmək üçün bir bəhanə, səbəbdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib.
O qeyd edib ki, müxalifətin yanvarın 20-də – Ümumxalq Hüzn Günündə etdiyi təxribatçı hərəkətlər, yanvarın 19-da keçirdikləri mitinqdən sonra qanun-qaydanı, asayişi pozmaq cəhdləri onların niyyətlərinin saf, təmiz olmadığını göstərir:
“Sonuncu prezident seçkisindən heç bir il keçməyib. Onlar özlərini güc hesab edirdilərsə, xalqın onlara etimadı, özlərinə inamları var idisə, o zaman seçkilərə qatılardılar. Seçki kampaniyası ən gözəl meydan idi. Belə deyək, həmin vaxt bütün respublika meydan idi. Seçkiyə qatılardılar, sözlərini deyərdilər və güclərini göstərərdilər. Görünür, indi onlara xaricdən bir az maliyyə və tapşırıq verilib. Bununla da cəhdlər göstərirlər və bunu videoya çəkib tirajlayıb öz yiyələrinə göstərmək istəyirlər ki, biz gücük, nəsə etmək istəyirik”.
M.Quliyev qeyd edib ki, bu cür aksiyaların vaxtı çoxdan keçib:
“İndi 1990-cı illər deyil. İndi həmin ölkə, həmin dövlət deyil. Onlar anlamalıdırlar ki, indiki dövrün çağırışları da başqadır. İndiki dövrün çağırışı əməlinlə, işinlə xalqa yararlı olduğunu göstərməkdir. Sübut etməkdir ki, sən doğrudan da bu xalq, bu dövlət üçün çalışırsan və canın yanır. Amma gəncləri, yaxud siyasətdən, həyatın gedişindən başı çıxmayan, ola bilsin bəzi hallarda şəxsi problemləri olan insanları ortaya çıxarıb mitinq keçirəcəyini iddia etmək təxribatdan başqa bir şey deyil. Xalq da bunları görür. Bunların nə bir potensialı, nə də xalq arasında nüfuzu var”.
M.Quliyev ümumiyyətlə, Azərbaycan müxalifətinə yenilənmək lazım olduğunu vurğulayıb:
“Dünya təcrübəsində də belə bir hal yoxdur ki, hansısa partiya 20-25 il ərzində bütün seçkini uduzsun, ancaq onun rəhbərliyi olduğu kimi qalsın. Mümkün deyil. Özünə hörmət edən partiya rəhbəri, partiya funksioneri bir, uzağı iki seçkidə müvəffəqiyyət qazana bilmirsə istefa verir, yerinə yeni adamlar gəlir. Yeni gələnlər də ortaya yeni ideyalarla çıxırlar. Bu mənada onların meydana çıxıb “İstefa”, yaxud “Qarabağ” qışqırması ilə heç bir problem həll olunmur. Yaxud heç bir nəticə əldə edilmir. Xalq öz sözünü 2018-ci il aprelin 11-də dedi. Seçicilərin 86 faizi cənab İlham Əliyevə səs verdi və bununla indiki siyasəti dəstəklədiklərini qeyd etmiş oldu. Bundan bir il keçməmiş sən meydana çıxıb yeni ideyalarla gəldiyini deyirsən. Heç bir yeni ideya yoxdur. Ordakılar hamısı da köhnə adamlardır. Hesab edirəm ki, bu cür siyasi davranışla Azərbaycanda heç nəyə nail olmaq mümkün deyil”.