16 Fevral 2019 17:30
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya paytaxtında çeçenlər və azərbaycanlılar arasında xoşagəlməz insidentə Azərbaycan dövlətinin və Çeçenistan Respublikasının rəsmi şəxsləri də münasibət bildiriblər. Bu, məişət zəminində baş vermiş kriminal hadisədir və xalqlar arasında dostluq münasibətlərinə təsir göstərə bilməz”.

Bunu Teleqraf.com-a keçmiş millət vəkili, politoloq Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Çeçenistan xalqlarının dost və qardaşlığına şübhə yoxdur:

“Bu xalqlar həmişə ən çətin anlarda biri-birinin yanında olublar. Bir müddət əvvəl Çeçenistan başçısı Ramzan Kadırov və Azərbaycan Prezidenti İlham Əliyev arasında çox səmimi görüş oldu.

Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə Şimali Qafqazda və Çeçenistanda olan münasibət və orada hər kəsin onu öz böyüyü hesab etməsi, o cümlədən Ramzan Kadırovun şeyxülislama səmimi münasibəti də bu iki xalqın dostluğuna bariz nümunədir.

Azərbaycanlılar və çeçenlər ortaq tarix, dəyər və ənənələrin daşıyıcılarıdır. İki xalq arasında getdikcə dərinləşən səmimi münasibətlər var.

Habelə azərbaycanlı iş adamları Çeçenistana böyük investisiyalar yatırıblar. Yəni, həm tarixi, həm də mədəni əlaqələr, üstəlik, hər iki xalqın vahid coğrafiyada - Qafqaz yaşaması, ən çətin anlarda bir-birinə dayaq durması münasibətləri daim tənzimləyən pozitiv faktorlardır.

Ola bilsin ki, Moskvada baş vermiş insidentdən sonra erməni diasporu bundan istifadə edərək təxribat törətməyə cəhd etsin. O da mümkündür ki, hadisənin özündə də erməni diasporunun əli var”.

Əliməmməd Nuriyev hesab edir ki, bu hadisə anlaşılmazlığa görə baş verib və insident tamamilə araşdırılacaq:

“Belə epizodik hadisələr Çeçenistan-Azərbaycan dostluğuna xələl gətirə bilməz. Hətta evdə qardaşlar arasında da bəzən məişət xarakterli mübahisələr olur. Hesab edirəm ki, bunun dərinə gedən səbəbi yoxdur”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı açıqlama verib.

Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər