“Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verən zaman əgər əsas kredit məbləği 10 min dollardan azdırsa, o zaman kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollardan, digərindən 6 min dollar kredit götürüb və bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək”.
Teleqraf.com xəbər verir ki, problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramov belə deyib.
Ekspert lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Sənəd xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan bu, lizinq müqavilələrinə aid deyil.
Dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödəyibsə o zaman kompensasiya kimə ödənilməsi məsələsinə gəlincə, qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc zaminin əmək haqqından tutulub. Bu zaman fərdi qaydada zamin müraciət edib məsələyə baxılmasına nail ola biləcək”.
Vüqar Bayramov kompensasiya məbləğinin elektron hesablanması məsələsinə də toxunub:
“Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Digər yandan, elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək.
Bəs ləğv olunmuş banklarda olan kreditlər üzrə kompensasiyaları necə almaq mümkün olacaq? Fərmana əsasən, sözügedən banklardan kredit götürən vətəndaşlarımız da kompensasiyadan yararlanacaqlar və bu prosesə Əmanətlərin Sığortlanması Fondu məsuldur. Fəaliyyətdə olan bank müştərilərində olduğu kimi sizinlə də əlaqə saxlanılacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.