Müsahibimiz Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayevadır.
Xatırladaq ki, Fidan Rzayeva mərhum xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin qızı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bacısıdır.
Teleqraf.com müsahibəni təqdim edir.
- Məşhur adamların övladlarından biri tanınmış olanda o birilər sanki bir az kölgədə qalır. Anarın “Sizsiz” romanında sizin də, bacınız Təranə xanımın da adı keçir. Anar haqda çox bilirik, amma sizi barədə heç bir məlumatımız yoxdur. Fidan xanım kimdir?
- Mən məşhur deyiləm, ona görə haqqımda az bilginin olması təbiidir. Ailənin ilk övladı Anar məndən 5 yaş böyükdür. Anar 1938-ci il, mən 1943-cü il, Təranə 1948-ci il təvəllüdlüdür. Mən musiqi məktəbini qurtarmışam, indi Bülbül adınadır, o vaxt Üzeyir Hacıbəyov adına konservatoriyanın nəzdində onillik məktəb idi.
- Deyəsən, Anar müəllim də həmin məktəbi bitirib.
- Hə, düzdür, Anar 9-cu sinfə qədər orada oxudu. Onda direktor Kövkəb Səfərəliyeva idi, Anar da artıq orada 5 il idi oxuyurdu. O, fortepiano şöbəsində təhsil alırdı. Mən musiqi məktəbinə daxil olanda direktor xanım buyurdu ki, bir ailədən iki nəfər fortepiano sinfində oxuya bilməz. Əgər biri fortepiano üzrə təhsil alırsa, o biri skripka, yaxud violençeldə oxusun. Aydın məsələdir, mən qız uşağı, skripka mənə yad göründü.
Belə çıxış yolu tapıldı ki, Anar alt şöbəsinə keçsin. Beləcə məni fortepiano şöbəsinə qəbul etdilər.
5-ci sinifdən sonra ixtisasını dəyişmək Anarın musiqi karyerasını tamamilə pozdu. Ona görə də 9-cu sinfə qədər oxudu, 10-cu sinifdə daha musiqi ilə məşğul olmadı. Amma həmin məktəbi qurtarmasına icazə verdilər.
Mənsə məktəbi bitirəndə məktəb 11 illik oldu, fortepiano şöbəsi üzrə qurtardım. Sonra Konservatoriyada təhsil almaq istəmədim.
- Amma heç Anar da musiqinin ardınca getmədi.
- Xeyr. O, Bakı Dövlət Universitetinin filologiya, mən şərqşünaslıq fakültəsinə qəbul oldum.
- O dövrdə Bakı aristokratiyasında, ziyalı mühitində musiqi təhsili həm də bir kübarlıq əlaməti, tərbiyə metodu idi. Yəni uşaq musiqiçi olmasa da, musiqi barədə müəyyən biliyə, vərdişlərə yiyələnirdi. Sizdə də elə idi, yoxsa musiqi karyerasına yönəldilmişdiniz?
- Bizdə də elə idi. O vaxt ziyalılar çalışırdılar ki, uşaqlarını musiqiyə alışdırsınlar, övladları musiqi savadı alsın. Ona görə də bəstəkarların, yazıçıların, rəssamların bir çoxunun uşağı musiqi məktəbinə daxil olurdu. Səməd Vurğunun övladlarının üçü də - Yusif, Vaqif, Aybəniz orada oxuyurdu.
- Hərçənd Vaqif Səmədoğlu musiqi karyerasını davam etdirdi...
- Bəli, Yusiflə Aybəniz yox, Vaqif Konservatoriyanı bitirdi. Bundan başqa, Məmməd Arifin oğlu Araz Dadaşzadə, Məmməd Rahimin oğlu İldırım - bir çoxları musiqi məktəbinə gedirdi.
Bir məqamı da qeyd edim, həmin musiqi məktəbində Azərbaycan və rus bölmələri vardı. O vaxt rus sektoru prestijli bölmə hesab edilirdi, Azərbaycan bölməsinə kasıb-kusub gedirdi. Amma yazıçıların uşaqları, o cümlədən, biz Azərbaycan şöbəsində oxuyurduq.
- Bəs niyə şərqşünaslıq fakültəsini seçdiniz? Bu, öz arzunuz idi?
- Öz arzum idi. Konservatoriyada gərək hər gün 6 saat çalasan. Mən də istəmədim.
- Evinizdə piano vardı?
- Hə, vardı. Hətta iki dənəydi, birində mən, birində Təranə çalırdı. Atam da deyərdi, bunların əlindən başım getdi...
1961-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olundum. O vaxt şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə çox böyük tələbat vardı. Bu şöbəyə 20-30 namizəd ərizə verirdi. Sovet İttifaqının ərəb ölkələri ilə iqtisadi əlaqələri güclü idi, ona görə bu ixtisasa can atan çox idi. Ərəb filologiyası kafedrasının müdiri Ələsgər Məmmədov məni müəllim kimi kafedrada saxladı, dedi, istəyirəm burada işləyəsən.
Hətta 5-ci kursdaydım, mənə dərs demək üçün saat da verdilər, kadr çatışmazlığı vardı. Elə o vaxtdan indiyədək həmin kafedrada ərəb dili dərsi deyirəm.
- Bəs Suriyaya səfəriniz necə baş tutdu?
- 1968-ci ildə ailə qurdum, həyat yoldaşım Nazirlər Sovetinin sədr müavini Süleyman Vəzirovun oğlu Raufla bir yerdə oxuyurduq. Evlənəndən 2-3 ay sonra Suriyaya işləməyə getdik.
- Qarabağın məşhur Vəzirovlarındandır?
- Bəli, Süleyman Vəzirov Raufun atasıdır. Rəhmətlik qaynanam Validə xanım Nəcəf bəy Vəzirovun nəvəsidir. Hərdən babası Nəcəf bəyi xatırlayırdı, deyirdi, aparıb bizi gəzdirirdi. Anası Sara xanım müqəddəs Nino Qizlar Məktəbini qurtarmışdı, Bakıda dərs deyirdi.
- Həyat yoldaşınızla necə tanış oldunuz?
- Bir yerdə oxuyurduq, o vaxtlar KVN-lər təzə-təzə fəaliyyətə başlayırdı, biz ikimiz də komandada idik. Elə orada da yaxınlıq oldu, evləndik. O zaman Moskvadan tələb gəlirdi, tələbələri tərcüməçi kimi ərəb ölkələrinə göndərilirdi. Biz Suriyaya Odessadan çıxdıq. Gəmi ilə Yunanıstana, Kiprə, ordan İstanbula, nəhayət, Suriyanın Latakiya şəhərinə gəlib çıxdıq.
Sabir Ağabəyov adında tələbəm vardı, indi Azərbaycanın Mərakeşdəki səfiridir, bizi o qarşıladı. Suriyada işləyirdi, zarafata saldı, dedi, yaşıl rənglərə diqqətlə baxın, daha görməyəcəksiniz. Avqust ayı idi.
Biz Suriyaya 1 illik göndərilmişdik, sonra istəsəydik, vaxtımızı uzadardıq. Suriyanın Tapka şəhərinə gəldik. Bir xırda ot da yox idi, hər yan qum, səhralıq... Sovet mütəxəssisləri Fərat çayı üzərində sədd tikir. Evlərin çoxu ikimərtəbəli idi. Üç otaqlı mənzilin otaqlarından birini bizə verdilər, digər iki otaqda isə tək-tək rus mütəxəssislər qalırdı. Üç otaqlı mənzildə üç ailə yaşayırdı. 1 il orada işlədik, bizi yenə saxlamaq istəyirdilər, razılşmadım, valideynlərim üçün çox darıxırdım.
- Azərbaycan nümayəndə heyətinin Suriyaya səfəri necə oldu?
- Suriyada Rakka adlı şəhər var, indi də adı çəkilir. Suriyanı yaman günə qoyublar, onda çox gözəl ölkəydi. Suriyada cümə axşamı və cümə günləri qeyri-iş günləri sayılırdı. İstirahət günündə axşam bir restoranda yemək yeməyə gəldik. Özü də erməni restoranıydı, ermənilər Suriyada çoxdur. Qəhvə içdik, fincanı çevirdim, Ohanes adında Türkiyədən gələn erməni ofisiant yaxınlaşdı, soruşdu fala baxa bilirsiz? Dedim yox... Qayıtdı ki, anam yaxşı fala baxır, gəlsin baxsın.
Qoca arvad gəldi, fincana baxıb dedi ki, bu yaxınlarda qeyri-adi, gözlənilməz xəbər alacaqsız. Fikirləşdim, görəsən, nə xəbər ola bilər... O vaxt nə poçt işləyirdi, nə telefon vardı.
- Bakı ilə heç bir əlaqə saxlaya bilmirdiz?
- Bakı ilə əlaqə çətinliklə baş tuturdu, bir məktub üç aya güclə gəlib çıxırdı. Bir müddət keçdi, işdə oturmuşdum, bir ərəb əlində qəzet oxuyurdu. Mənə dedi ki, Azərbaycandan Suriyaya nümayəndə heyəti gəlib. Soruşdum, kimlərdir? Dedi ki, kimlər olduğunu bilmirəm, amma nümayəndə heyətinin başçısı Süleyman Vəzirovdur. Çox sevindim, dedi, nə oldu? Dedim, bəs həyat yoldaşım Raufun atasıdır. Rauf başqa şöbədə işləyirdi, zəng edib xəbər elədim.
Bir-iki gün keçdi, Dəməşqdən səfirlikdən zəng oldu, bizi çağırdılar. Taksi ilə Dəməşqə getdik. Məlum oldu ki, Azərbaycandan Zeynəb Xanlarova, Cövdət Hacıyev, Şəmsi Bədəlbəyli, mənim professorum Ələsgər Məmmədov, atam Rəsul Rzanın da daxil olduğu böyük bir nümayəndə heyəti gəlib. Biz nümayəndə heyətini rəsmi şəkildə tərcüməçi kimi müşayiət etməli olduq. Beyruta və digər şəhərlərə getdik, sonra Hələbə gəldik.
Hələbdə nümayəndə heyətini bələdiyyə rəisi qəbul elədi. Onun kabinetində keçirilən görüşdə ən müxtəlif suallar verildi, axırda atam dedi ki, mənim də sualım var. Hamı yorulmuşdu, ona görə etiraz elədilər ki, nə sual... Atam bir az pərt oldu, dedi, yaxşı, istəmirsiniz, sual vermirəm. Bələdiyyə sədri dedi, yox, ver sualını. Atam dedi ki, bizim klassik şairimiz İmadəddin Nəsimi burada vəfat edib, onun Hələbdə qəbri var, amma harada olduğunu bilmirik, mümkünsə, ora getmək istərdik.
Bələdiyyə rəisi bir nəfəri çağırdı, ona tapşırdı ki, soruş, gör, Nəsiminin qəbri haradadır. Bir az keçdi, gəldi ki, nümayəndə heyətini aparmaq olar. Qərara gəldik ki, qəbir üstünə gül-çiçək alaq, sabah gedək. Səhəri gün getdik.
Orada Hələbin içərisində yüksəklikdə qala kimi yer var, bizim İçərişəhərə bənzəyir. Hələb qədim şəhərdir, əvvəl şəhər qala divarlarının arasında olub. Divarın çöl tərəfində aşağı hissədə bir həyətə gəlib çıxdıq. Qabağımıza bir oğlan uşağı gəldi, dedik, biz Nəsiminin evini axtarırıq, qayıtdı ki, Nəsiminin evi buradır. Mənim atamdır, indi yoxdur, bir azdan gələr.
Bir az dayanıb gözlədik, həyətin içində bir çox qəbir vardı.
Hikmət Nəsimi gəldi, onunla tanış olduq, soruşduq ki, xəbərin varmı kimin nəslindənsən? Dedi, xəbərim var, amma o qədər də maraqlanmamışam. O, çadır düzəldib satırmış. Görünür, kasıb adamıdı.
- Belə çıxır, İmadəddin Nəsiminin qəbri Hikmət Nəsiminin həyətində idi?
- Bəli, təkcə Nəsiminin yox, bütün nəslin qəbirləri hamısı o həyətdə idi. Bizim qəbirlər kimi idi, yerdən yox, bir az yüksək, üstü daşla örtülü idi.
- Deyirlər, Nəsiminin qəbri günbəzli məscidlə əhatə olunub...
- Bəlkə sonradan tikiblər, biz orada olanda günbəz yox idi. Otaq kimi yer vardı, biz otağa girdik, divarlarda ərəbcə şeirlərdən misralar yazılmışdı.
- Siz oxudunuz?
- Oxudum, hətta onları köçürüb atama verdim. Otağın içində taxça kimi şey vardı, üstünə də yaşıl parça salınmışdı. Doğrusu, bilmədim o taxça nədir, görünür, üstünə Qurandan kəlamlar yazılmışdı.
- Həmin qəbrin məhz İmadəddin Nəsiminin məzarı olduğunu təsdiqləyəcək bir nəsnə, sübut vardımı?
- Nəsiminin qəbri əslində o biri qəbirlərdən seçilmirdi, təmtəraqlı deyildi. Bəlkə sonra üstünü düzəldiblər. Biz ziyarət edəndə 1968-ci il idi.
- Hikmətin Nəsiminin nəslindən olduğu göstərən sənəd necə?..
- Doğrusu, heç bir sənəd istəmədik, sənəd tələb etmək yaxşı çıxmazdı da... Həm də belə çıxardı biz inanmırıq... Adı Hikmət, soyadı Nəsimiydi, dedi ki, bütün nəslimiz Nəsimi soyadındadır. Həm də bələdiyyə rəisi tapşırmışdı ki, azəri şairi Nəsiminin qəbrini tap, hər hansı Nəsiminin yox. Deməli, orada şübhə yeri yox idi.
Ona görə hesab edirəm ki, Nəsiminin qəbri elə o gördüyümüz məzar idi. Atam dedi ki, kitabxanaya get, Nəsimi haqda nə tapsan, göndərərsən. Biz dediyim kimi, Hələbdə yaşamırdıq, ordan 130 kilometr məsafədə qalırdıq.
- Çox uzaq da deyilmiş...
- Sovet vaxtıydı, özbaşına kənara tərpənmək olmurdu. Hərdən icazə verirdilər bir günlük Hələbə gedib-qayıdırdıq. Düzdü, rəhbərliklə münasibətimiz yaxşı idi. Ona görə bizə icazə verilirdi.
- Hələb kitabxanasında nələr tapdınız?
- Nəsimi haqda bütün məlumatlar ərəb tarixçilərinin yazdıqları idi. Onların hamısını köçürüb tərcümə elədim, atama verdim. Deyəsən, yazılarında istifadə elədi. Bəzən deyirlər, Nəsiminin əvvəl dərisini soyublar, sonra öldürüblər. Mən Nəsiminin edamı haqda məlumatı həmin kitabdan köçürdüm, ərəbcə yazılmışdı ki, “öldürdülər, sonra dərisini soydular”.
Diri-diri insanın dərisini necə soymaq olar? Özü də öldürülüb dərisinin soyulduğu bir neçə mənbədə qeyd edilmişdi.
“Zahidin barmağın kəssən, dönüb haqdan qaçar” misrasını qabardırlar, bir insanın dərisini soyanda şeir yazması mümkün deyil. Yəqin bu şeiri kimsə sonradan yazıb, yaxud başqa bir şəxsə aiddir. Hər halda edam vaxtı yazılan şeir ola bilməz.
- Nəsiminin doğulduğu yer barədə də mübahisə var, onun Şamaxıda deyil, Təbrizdə doğulduğu deyilir. Bu haqda hər hansı mənbədə məlumata rast gəldinizmi?
- Yox, bu barədə məndə məlumat yoxdur. Təbriz də Azərbaycanındır, o vaxt gediş-gəliş daha sıx olub.
- Son vaxtlar bəziləri belə təəssürat yaradır ki, Nəsimi haqda ciddi tədqiqat aparılmayıb, sanki Nəsimi ilk dəfə tədqiq olunur. Halbuki vurğuladınız ki, onun qəbrinin tapılmasında 1968-ci ildə şəxsən iştirak etmisiniz. Bu fikirlərə münasibətiniz necədir?
- İndiyə qədər Nəsimi naminə heç bir iş görülmədiyini iddia etmək tamamilə yanlışdır. Bundan ağır ifadə işlətmək istəmirəm.
Nəsiminin heykəli qoyulub, haqqında film çəkilib, şeirlər yazılıb, barəsində tədqiqatlar aparılıb, əsərləri çap olunub. Bütün bunları necə danmaq olar?! Amerikanı Kolumb yox, mən kəşf etmişəm söhbətinə bənzər gülməli vəziyyət alınır. Məsələni araşdırmadan, bilmədən “bunların hamısını mən açmışam, məndən qabaq bu barədə danışan olmayıb” tərzində bəyanat vermək çox yanlışdır.
- 1968-ci ildə sizin, atanız Rəsul Rzanın iştirakı etdiyi və indi danışdığınız hadisədən çıxış edərək iddia eləmək olarmı ki, həmin hadisəni Nəsiminin qəbrinin ilk tapıntısı hesab etmək olar?
(Ardı var)