Sabah Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
Teleqraf.com Milli Məclisin internet resursuna istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Adil Əliyev, Rasim Musabəyov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək MDB PA-nın Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq.
MDB PA-nın 49-cu plenar iclasının gündəliyinə İpoteka, Vəkil və vəkillik fəaliyyəti haqqında, Məhkəmə-ekspert fəaliyyəti, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi də daxil edilib.
Milli Məclisin Sədri Oqtay Əsədovun səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.