5 Sentyabr 2014 13:03
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə gənclərin sosial şəbəkədəki “Bookchallenge” haştaqı yaradaraq keçirdikləri aksiyası ilə bağlı status yazıb. Teleqraf.com xəbər verir ki, deputat yazıb: “Dünən sosial şəbəklərdə Azərbaycan gənclərinin “10 ən sevimli kitab” aksiyasının şahidi oldum. Aksiya qısa bir zamanda dəstək aldı və çox sayda gənclər öz sevimli kitablarının adlarını bir-biri ilə bölüşməyə başladılar. Siyahılarla tanışlıq gənclərimizin yüksək intellektual səviyyəsindən, onların biliyə və mədəniyyətə, mənəvi dəyərlərə böyük marağından xəbər verir. Çox sevindiricidir ki, məhz gənclərimiz kitab sevgilərini ortaya qoydular, cəmiyyətə yeni bir əhval-ruhiyyə, yenilənmiş bir düşüncə gətirdilər. Ancaq bununla belə siyahılarla tanışlıq gənclərimizin kitab sevgilərində böyük bir qüsurlarının olduğunu ortaya çıxardı. Siyahılarda Azərbaycan ədəbiyyatının nümunələri ya cüzi, ya da heç səviyyəsində idi. Belə qənaətə gəlmək olur ki, ya gənclərimiz Azərbaycan ədəbiyyatının nümunələri ilə tanış deyillər, ya da onları siyahıda göstərmək dəbdə deyil”.

A.Mirzəzadə deyib ki, mənim dünya ədəbiyyatının korifeylərinə heç bir iradım yoxdur, onların əsərlərini oxumuşam və onları sivilizasiyanın ən qiymətli dəyərlərindən hesab edirəm: “Gənclərimizin onların əsərləri ilə tanışlığını ziyalılığın vacib şərti kimi qəbul edirəm və onların bu sahədə məlumatlılığı məni ürəkdən sevindirir.

Ancaq bütün dünyanın qəbul etdiyi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun, Çingiz Abdullayevin adlarının heç bir siyahıda çəkilməməsi məni çox narahat edir. Hələ mən gənclərimizin Molla Pənah Vaqif, İsmayıl Qutqaşınlı, Abbas Səhhət, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Bəxtiyar Vahabzadə, Fikrət Qoca sayğısızlığını demirəm. Əliağa Vahidin, Hüseyn Arifin, Sabit Rəhmanın, Anarın isə bizlərdən inciməyə tam haqları var.

Müasir şairlərdən Zəlimxan Yaqubu, Musa Urudu, Ramiz Rövşəni tanıyan varmı ? Həmidə Ömərovanın hekayələrini oxuyan neçə nəfərdir ? Gənc və istedadlı yazıçı Varisin adını eşdiblərmi, maraq xatirinə oxuyublarmı?

Bunlar və yüzlərlə yenə dəyərli şair və yazıçılarımız xalqımızın mədəni və mənəvi sərvətidir. Onlara bizlər sahib çıxmasaq, təbliğ və fəxr etməsək , bunu bizim əvəzimizə heç kim etməyəcək. Tarix Azərbaycan xalqının böyük potensialını artıq qəbul edib və ədəbiyyatımıza sahib çıxmaqla biz ilk növbədə öz adımıza sahib çıxmış oluruq.

İstedadlı Azərbaycan şairi Məhəmməd Hadi zamanında belə bir fikir işlətmişdi: ”Yox millətimin imzası imzalar içində”. Bu gün imzamız var, ancaq bu sözü deyənin özünün adı adlar içində yoxdur”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər