13 May 2019 18:27
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının 109 nömrəli tam orta məktəbinin intihara cəhd etdiyi deyilən 5-ci sinif şagirdi F. Ə. uşaqlarla normal ünsiyyət qurmağa meyillidir. Sinif yoldaşlarının bu hadisədən təsirlənməməsi üçün onlarla da mütəmadi söhbətlər aparılır, psixoloji dəstək göstərilir".

Bunu 109 nömrəli tam orta məktəbin bir neçə gün əvvəl intihara cəhd etmiş şagirdinin sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Haqverdiyeva deyib.

Onun sözlərinə görə, həmin şagirdin valideyni də vaxtaşırı məktəbdə olurdu:

"Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim. Müəllimlər həmin gün də şagirdin dərsdən çox sakit halda evlərinə getdiyini söyləyirlər. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və onun bu hərəkəti məni dərindən kədərləndirdi. Hadisədən sonra məktəb rəhbərliyi, psixoloq, Uşaq Birliyi Rəhbəri ilə birlikdə şagirdimiz və valideynləri ilə görüşdük. Onunla söhbət apardıq. O, elədiyi hərəkətə görə özünün də peşman olduğunu bildirdi. Anası ilə təklikdə də görüşüb müvafiq tövsiyələrimizi bildirdik. Əsas tövsiyələrimiz ondan ibarət oldu ki, bundan sonra valideynlər müəllimlərlə daha sıx ünsiyyətdə olsunlar. Həmçinin qarşılıqlı olaraq, şagirdimizə daha həssas münasibətin göstərilməsini qərarlaşdırdıq. Yəqin ki, bundan sonra valideynlərlə işin daha da gücləndirilməsi, şagirdlərin psixoloji dayanıqlığının möhkəmləndirilməsi və daha səmərəli ünsiyyət mühitinin yaradılması istiqamətində fəaliyyətimizi artırmalıyıq".

Məktəbin informatika müəllimi Nigar Məmmədova bildirib ki, həmin şagirdə 5-ci sinifdən etibarən informatika fənnindən dərs deyir:

"Onu çalışqan, mehriban bir şagird kimi tanıyıram. Onun belə bir addımı biz müəllimləri çox sarsıtdı, çünki ondan bu addımı gözləmirdik. Çünki o, çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır. Bu hadisədən sonra mən də xəstəxanaya gedib onun vəziyyəti ilə maraqlandım, səhhəti üçün çox sarsıntı keçirdiyimi, narahat olduğumu valideynlərinə bildirdim. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi".

Qeyd edək ki, 109 nömrəli məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlər yayılmışdı.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər