Xəzər Araşdırmalar Mərkəzinin və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın Vaşinqton şəhərində dördüncü Trans-Xəzər Forumu keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forumun əsas məqsədi Xəzər hövzəsi ölkələrində nəqliyyat sahəsində həyata keçirilən layihələrin, Şərq-Qərb nəqliyyat dəhlizi üzərindən Çin-Avropa və əks istiqamətində nəqliyyat daşımalarının inkişaf etdirilməsi, o cümlədən region üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılması ilə bağlı müzakirələrin keçirilməsi olub.
2016-cı ildən ardıcıl olaraq hər il keçirilən forum Birləşmiş Ştatların siyasət və biznes liderlərini və Trans-Xəzər dəhlizi ölkələrinin nümayəndələrini strateji tərəfdaşlığın artırılması, biznes, ticarət və investisiya imkanlarının müzakirəsi üçün bir araya gətirir.
Azərbaycan tərəfindən tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nazirliyin yanında Dövlət Dəniz Administrasiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər Dəniz Gəmiçiliyi, həmçinin Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) nümayəndələri iştirak edib.
Tədbirdə yuxarıda qeyd olunan məsələlərlə yanaşı, Xəzər dənizi üzərindən Şərq-Qərb marşrutu boyunca ticarətin asanlaşdırılması, regional ticarətin və biznesin genişləndirilməsi, həmçinin enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Forumda iştirakçılara ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr, nəqliyyat daşımalarının asanlaşdırılması, sərhəd keçid və gömrük prosedurlarının sadələşdirilməsi, daşıma tariflərinin uyğunlaşdırılması, İKT-nin yük və sərnişin daşımalarında tətbiqi və bu sahədə son yeniliklərlə bağlı ətraflı məlumat verilib.